Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov karyerasında yeni mərhələyə qədəm qoyub. Sportarena.az xəbər verir ki, cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda Dünya Seriyasının finalında iştirak etmək hüququ qazanıb.
Belə ki, o, bu yarışın ilkin mərhələsində 11-ci yeri tutub. Avropa Oyunlarının bürünc medalçısı bununla da Rio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazanıb.
Azərbaycan yığmasının idmançısı yarışda London-2012 olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqlayıb. Pevtsov, eyni zamanda Avropa Kubokunun qalibi rusiyalı Dmitri Polyanski və ilk Avropa Oyunlarının gümüş medalçısı portuqaliyalı Joao Pereyranı da üstələyib.
Dünya Seriyasının finalı beynəlxalq təqvimdə ən gözlənilən mübarizədi. Olimpiadadan sonra triatlon üzrə ikinci ən böyük yarış olan Dünya Seriyasının finalını bəzən dünya çempionatı da adlandırırlar. Bu dəfə 75 idmançının iştirak etdiyi kişilərin yarışında ispan Mario Mola qalib olub. Dünya Seriyasının bütün mərhələlərinin yekun nəticəsinə əsasən isə İspaniya yığmasının digər üzvü Xavyer Qomes karyerasında üçüncü dəfə birinci yerə layiq görülüb.
Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Pevtsov olimpiya lisenziyasına bir qədər də yaxınlaşıb. Təmsilçimiz artıq Rioya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib.
Qeyd edək ki, 2016-cı il mayın sonlarında təsnifat mərhələsi başa çatacaq və lisenziyaların sahibləri rəsmən elan olunacaq.