"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının Sportarena.az saytına müsahibəsi
- "Neftçi" ilə prinsipial oyunda uduzmadız. Qarşılaşma haqda nə düşünürsən?
- Gərgin oyun keçdi. İkinci hissədə 10 nəfərlə qalmasaydıq, burdan 3 xalla gedə bilərdik. Amma əsas odur ki, uduzmadıq.
- Penalti epizodu barədə nə deyə bilərsən?
- Mən hakimdən soruşdum. Bildirdi ki, bədənim dəyib deyə futbolçu yerə yıxılıb və bu səbəbdən penalti verib. Amma penaltini qaytardım və komandamı pis vəziyyətdə qoymadım.
- Skarlatakenin qırmızı vərəqə alması barədə nə düşünürsən?
- Biz öyrəşmişik iki oyundan bir qırmızı vərəqə almağa. Olur verirlər, olmur verirlər. Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə danışacaq adamlar var. Hamıdan yaxın epizodlara hakim olub, yəqin ki, qərəzli qərar verməyib.
- “Neftçi” azarkeşləri şüarları ilə sənə çox təzyiq göstərirdilər. Bu, sənin oyununa təsir edirdimi?
- Elə şeylərə fikir vermirəm. O, azarkeşdir. Mən artıq o etapları keçmişəm. Uşaq deyiləm ki, hər şeyə fikir verim. Əgər mən onlara nəsə reaksiya versəydim, komandam pis vəziyyətdə qalacaqdı. Mən komandamı fikirləşirəm. “Neftçi” azarkeşi olsun, qeyri biri olsun, mən onları eşitmirəm. Burdan alıb, ordan verirəm.
- Bu mövsüm qapıda daha etibarlı çıxış edirsən. Bu ili sənin mövsümün saymaq olarmı?
- Keçən ili zədələrim çox oldu. Amma bu il komanda ilə birlikdəyəm. Yaxşı hazırlıq keçmişik. Özümdə irəliləyiş hiss edirəm. Vidadi müəllimlə işləmək həqiqətən də çox xoşdur. Bizi o yetişdirib.
- “Xəzər Lənkəran”ın trasfer qadağası var və komanda ilin sonuna kimi cavanlarla çıxış edəcək. Bu heyətlə komanda iddialılar sırasında çıxış edə biləcək?
- Yaxşı transferlər etmişdik. Bu da bir qismətdir. Hər klubun başına bu cür hallar gələ bilər. Avropa klublarında belə hallar olur. Biz bunu fikirləşməməliyik. Bu, bizim üçün də, cavanlar üçün də şansdır ki, özlərini göstərə bilsinlər. “Xəzər Lənkəran” yenə əvvəlki gücünə qayıdacaq. Amma əsas odur ki, pis gündə komandanın yanında qalıb, onlara dəstək olmaq lazımdır.
- Yanvardan “Xəzər Lənkəran”ın transfer qadağası bitir. Necə düşünürsən, Kapsa ilə mübarizədə qalib gəlib, əsas heyətdə çıxış edə biləcəksənmi?
- Mən həmişə oynamağa hazır olmuşam. Kapsa ilə rəqabətə də hörmətlə yanaşıram. Çox istəkli qapıçıdı. Bu istəyi komandada rəqabəti daha da artırır. Hansımıza şans versələr, çıxıb oynamağa hazırıq. Əsas odur “Xəzər Lənkəran”a uğur gətirsin.
- Oyunun sonlarında zədələndin. Hətta həkimlərin yardımına belə ehtiyac duyuldu.
- Əməliyyat olan ayağımda ağrılar hiss etdim. “Qarabağ”la oyunda suni stadionda oynamışdıq. Həmən oyundan sonra ayağımda ağrılar var idi. Həkim maye yığıldığını bildirdi və çəkib çıxardı. Bugünki oyunda da ayaqla çox işlədiyim üçün yenidən ağrılar başladı. Axrıncı dəqiqələr idi, həm komandam azlıqda idi, həm də ağrılara dözə bilmirdim. Ona görə topu meydandan çıxarıb, həkimi çağırdım.
Vüsal MİRZƏYEV