19 yaşadək qızlardan ibarət yığma komandamız Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb və qrup lideri kimi elit-raunda vəsiqə qazanıb. Sportarena.az xəbər verir ki, bu gün vətənə dönən millinin üzvü Aysun Əliyeva fikrini AFFA-nın rəsmi saytı ilə bölüşüb:
"Qrup mərhələsi bizim üçün çox vacib idi. Oyunların çətin keçməyinə baxmayaraq, ölkəmizi layiqincə təmsil edə bildik. Üç oyundan maksimum xal toplamaqla ilkin seçmə mərhələni birinci pillədə başa vurduq. Elit-raunda yüksəldiyimizə görə çox sevinirik. Çalışacağıq ki, apreldə keçiriləcək elit-raund mərhələsində də ölkəmizi layiqincə təmsil edək.
Oyunlar arasında ən yaddaqalanı Belçika yığması ilə qarşılaşma oldu. Rəqibimiz güclü komanda idi. Ona görə qarşılaşma çətin keçdi. Böyükhesablı qələbə qazansaq da, ən çətin oyunumuz onlara qarşı oldu. Əslində, üç oyunun hamısında qələbə qazanacağımızı gözləmirdik. Ancaq başlanğıc uğurlu alındı və bundan sonra komandada özünəinam yarandı. Nəticə isə göz qabağındadı. Bizi elit-raundda çətin sınaq gözləyir. Komanda yoldaşlarıma inanıram".