19 yaşadək qızlardan ibarət yığma komandamız Avropa Çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb və qrup lideri kimi elit-raunda vəsiqə qazanıb. Sportarena.az xəbər verir ki, bu gün vətənə dönən millinin üzvü Süsən Mənsimova fikrini affa.az saytına bildirib:
"Oyunları yüksək səviyyədə keçirdik. Qadın futbolu tarixində bəlkə də ən uğurlu ilimizi yaşayırıq. İndiyə qədər belə bir uğur əldə etməmişdik. Bunun davamını elit-raundda da gətirməyə çalışacağıq. Bu nəticə komandada özünəinamı artırdı. İlk oyunda qazanılan qələbə bizi həvəsləndirdi. Daha sonra həmin uğurun davamını gətirdik. Qazandığımız nəticələrdə AFFA-nın dəstəyi bizə çox kömək etdi. Bu dəstəyə, yaradılan şəraitə görə assosiasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk".