Milli komandaların oyunlarında və AFFA-nın tədbirlərində fəal iştirak edən könüllü Fərid Qarazadə affa.az saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Əvvəlcə özünüz barədə qısa məlumat verməyinizi istərdik…
- 1996-cı ildə Ağcabədi rayonunda anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram. ELM və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tərcüməçilik fakültəsinin 3-cü kursunda təhsil alıram.
- Könüllü fəaliyyətinə nə zamandan başlamısınız?
- Könüllü fəaliyyətinə 2013-cü ildə DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan - Lüksemburq oyununda başlamışam. Həmin gündən sonra mütəmadi olaraq millimizin oyunlarında və AFFA tədbirlərində könüllü fəaliyyətlə məşğulam. Azərbaycan - Lüksemburq qarşılasması zamanı müəyyən təcrübə topladığımı hiss etdim və növbəti oyunlarda da könüllü fəaliyyətini davam etdirməyi qərara aldım. Əvvəlki oyunlarda könüllü olmasam da, buna qədər Azərbaycan futbolu ilə yaxından maraqlanır və millimizin oyunlarını xüsusi diqqətdə saxlayırdım.
- AFFA könüllülük proqramında nə kimi təcrübə qazanmısınız?
- AFFA könüllülük proqramında qazandığım təcrübəni əvəzsiz sayıram. Bu müddətdə özümə çoxlu dostlar qazanmışam. Xüsusilə, 2014-cü ilin martında Futzal üzrə UEFA Kubokunun “Dördlər finalı” zamanı istər yerli, istərsə də xarici könüllülərlə dostlaşdım. Könüllü fəaliyyətim zamanı bir çox dünyaca məşhur futbolçularla və futbol funksionerləri ilə ünsiyyətdə olmuşam. İllər öncə bunu ağlıma belə gətirə bilməzdim. Bütün bunları AFFA Könüllü proqramına borcluyam.
- Oyunlarda niyə məhz media könüllüsü kimi iştirak edirsiniz?
- Müəyyən mənada bu sahəyə özümü daha yaxın hiss edirəm. Media könüllüsü olduğum zaman daha çox təcrübə topladığımı hiss edirəm. Bu zaman UEFA nümayəndələri ilə işləmək də mənə daha maraqlı gəlir.
- Azərbaycanı könüllü kimi təmsil etdiyiniz UEFA Super Kuboku oyunu barədə hansı təəssüratlarınızı bölüşə bilərsiniz?
- Tiflisdə keçirilən UEFA Super Kuboku oyununda qardaşımla birgə könüllü kimi ölkəmizi təmsil etdik. Kubok oyunu unudulmaz xatirələrlə yadda qaldı. Super Kubok qarşılaşması müddətində də media könüllüsü kimi fəaliyyət göstərdim. Oyunöncəsi məşq və mətbuat konfransı, orada olduğum zaman olan ab-hava, atmosfer, sadəcə, möhtəşəm idi. Oyun zamanı UEFA nümayəndələri ilə işləmək zövq verirdi. Super Kubok oyunu zamanı ulduz oyunçularla birgə işləmək yəqin ki, hər bir futbolsevər gəncin istəyi olar. Dünyanın ən yaxşı iki oyunçusundan biri olan Lionel Messini görmək isə çox xoş oldu. Türkiyəli ulduz Arda Turanla da görüşmək imkam tapdım. "Oyunun ən yaxşısı" seçilmiş Lionel Messini mətbuat konfransında yaxından görəndə bir qədər çaşqınlıq da keçirdim. Qısa da olsa, kubok oyunu zamanı əvəzsiz təcrübə topladığımı düşünürəm.
Qarşıdan Azərbaycan - İtaliya oyunu gəlir. Düşünürəm ki, bu, gənc dostlarımızın könüllü kimi çalışmağa başlaması üçün əla fürsətdir. 4 qat dünya çempionu olan bir komanda ilə millimizin qarşılaşmasında könüllü fəaliyyətinə başlamaq əla olardı. Bütün gənc dostlarımızı bu oyunda könüllü olmaqla, AFFA Könüllü proqramına qoşulmağa dəvət edirəm.