"Andreykinlə oynamaq çətindi. Bizim öz aramızda oyunların nəticəsi onun xeyrinədi. Bu gün qalib gəlməklə fərq bir qədər azaldı".
Sportarena.az xəbər verir ki, bunu Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinə yüksələn Sergey Karyakin (Rusiya) deyib. Ukrayna əsilli şahmatçı növbəti mərhələdə həmyerlimiz Şəhriyar Məmmədyarova rəqib olub. 1/8 finalda Dmitri Andreykinə qalib gələn Karyakin təəssüratlarını Dünya Kubokunun mətbuat xidmətiylə bölüşüb:
"Klassik şahmatda uğur qazanmaq mümkün olmadı. Tay-brek çətin idi, lakin nəticəni öz xeyrimə başa vurmağı bacardım".
Karyakin 1/4 finalda Şəhriyar Məmmədyarova rəqib olmasını belə xarakterizə edib: "Şəhriyar mənim dostumdu. Yaxşı şahmatçıdı. Ancaq sabah oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Etiraf edim ki, mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən biri yarışı tərk etməlidi. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Çünki, zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Dünya Kubokunda kifayət qədər inamlı təsir bağışlayır. Ona görə duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq hər bir rəqib üçün asan deyil".