"Böyük oyun"u tribunadan izləyən Fazil Əsədov: "Yunis Hüseynov oğluma inanmalıdır"

20:09 22 Sentyabr 2015

"İlk növbədə onu deyim ki, oyuna getmişdim. Ancaq stadiona girməyə bilet tapmadım. Məni stadiona tanışlıqla buraxdılar. Tribunalar boş olmasına baxmayaraq, bilet satılmırdı. Bu, mənim ilk təəssüratım. Stadiona gec buraxıldığım üçün "Xəzər Lənkəran"ın qapısına təyin olunan penaltini görə bilmədim".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında Fazil Əsədov deyib. Vaxtı ilə "Xəzər Lənkəran"ın əvəzedici komandasını çalışdırmış mütəxəssis Premyer Liqanın V turu çərçivəsində baş tutan "Böyük oyun"u tribunadan canlı izləyib. Əsədov cənub təmsilçisinin qələbə qazana bilməməsində Adrian Skarlatakeni günahlandırıb:

 

"Çox gözəl oyun keçdi. Mən bunu 7 il qabaq demişdim ki, Lənkəranda yetişən uşaqlar komandada oynamalı idilər. Artıq onların vaxtlarıdı. Komandaya səviyyəli legioner gətirib, həmin uşaqları da onların yanında oynatmaq lazımdı. Belə olan halda onlar nəticə verəcəklər. Mən doğrudan da bu oyundan həzz aldım. "Xəzər Lənkəran"ın heç-heçə etməyində Skarlatakeni günahlandırıram. Qırmızı vərəqə almasaydı, komanda bir az da ruhlanardı, onun təcrübəsinə arxalanıb, oyunu uda da bilərdi. Bu cür təcrübəli futbolçunun ikinci sarı vərəqə ilə meydançanı tərk etməsi ona yaraşan hərəkət deyil".

 

Oyunun baş hakimi Rəhim Həsənovun idarəçiliyinə də toxunan mütəxəssis FİFA referisinin oyunu normal idarə etdiyini, sadəcə, Skarlatakeyə göstərdiyi qırmızı vərəqənin bir qədər ağır cəza olduğunu söyləyib: "Biz həmişə hakimləri günahlandırırıq. Hakim də insandı.Ola bilər, orda hansısa səhvə yol versin. Ümumi baxanda, sadəcə Skarlatakenin epizodunda ikinci "sarı"nı verməyə də bilərdi. Çünki bu cür oyunlarda rəqibi azlıqda qoymaq düzgün deyil. Tərəflərin gücləri eyni olsaydı, daha gözəl mübarizənin şahidi olardıq. Mən bunu istərdim".

 

Əsədovun "Böyük oyun"u tribunadan canlı izləməyinin ən başlıca səbəbi isə oğlu olub. Belə ki, Yunis Hüseynovun "Neftçi"ylə oyunda açıqladığı "18-lik"də Fazil müəllimin oğlu Fərid Əsədovun da adı olub: "Mən oğlumun orda olmağına çox sevinirəm. Yunis müəllim komandanın sükanı arxasına keçəndən sonra onu ora dəvət edib. Ondan qabaq da məşqçilər olub. ancaq çağırmayıblar. Yəqin Yunis müəllim ona ümid bəsləyir ki, əsas komandaya dəvət edib. Bir-iki oyunda qısa vaxtda meydançaya çıxıb. "Neftçi" ilə oyunun gedişində orta xətdə zəiflik var idi. Mən gözləyirdim ki, baş məşqçi oğlumun da gücündən istifdə edib oyuna rəng qatar, amma olmadı. Yəqin ki, öz prinsipi var idi. Yunis müəllim "Neftçi" kimi komanda ilə oyunda heç-heçəni saxlamaq niyyətində idi. Ona görə bu addımı atdı. Yəqin ki, gələcək oyunlarda biz onu meydançada görəcəyik".

 

Oğlunun meydana çıxmağa tam hazır olmadığını etiraf edən atası baş məşqçinin ona inanmalı olduğunu da bildirib: "Deməzdim ki, oğlum meydana çıxmağa tam hazırdı. Bunun üçün onu hazırlamaq lazımdır. Biz də məşqçi işləmişik. Oyunçunu tam hazırlamaq üçün ona psixoloji baxımdan da kömək eləmək lazımdır. Oğlumun 19 yaşı var. Düşünürəm ki, bundan sonra oynamalıdı. Onun ağlına, gücünə mən inanıram. Sadəcə, baş məşqçi ona inanmalıdır".


Digər xəbərlər

Xəbər xətti