“Qarabağ”ın ölkə çempionatının VI turu çərçivəsində “Neftçi”ni hansı stadionda qəbul edəcəyinə böyük ölçüdə aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.
Bir neçə gün əvvəl “Qarabağ” rəhbərliyi oyunun yeni stadionlarında keçirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət etmişdi. Bundan sonra PFL-in nümayəndələri stadiona baxış keçirərək, bəzi çatışmazlıqlar qeydə almışdılar.
Bununla bağlı danışan Çəlikəl çatışmazlığın nədən ibarət olduğunu bildirib. O qeyd edib ki, oyunun Suraxanıda inşa olunan yeni arenada keçirilmək ehtimalı yüksəkdi: “Bəli, PFL bizə 1-2 çatışmazlığın olduğunu bildirdi. Əsas məsələ generatorumuzun olmaması ilə bağlıdı. Hazırda bu istiqamətdə iş gedir. Sentyabrın 25-nə kimi vaxt istəmişik. Çalışırıq ki, oyun gününə qədər stadiondakı bütün çatışmazlıqları aradan qaldıraq. İnşallah, həmin tarixə kimi stadionu tam hazır vəziyyətə çatdıracağıq. “Neftçi”ni yeni arenamızda qəbul edəcəyimizə inanırıq”.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” qarşılaşması sentyabrın 26-da keçiriləcək. (apasport.az)