Paytaxtda tarixi derbi, "Xəzər Lənkəran" yenidən doğma məkanda - TƏHLİL

15:44 24 Sentyabr 2015

Sabah Topaz Premyer Liqasında VI tura start veriləcək. Sportarena.az xəbər verir ki, bu turun oyunları iki gündə keçiriləcək. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Açılış matçı paytaxtda olacaq. Maliyyə sıxıntılarına baxmayaraq öünü yaxşı tərəfdən göstərməyi bacaran "İnter" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Ardıcıl 2 turda qələbə qazanan "bankirlər" uğurlu seriyanı davam etdirmək niyyətindədi. "Kəpəz" də paytaxta iddiasız gəlməyib. İlk turlardan baxımlı oyun sərgiləyən Gəncə təmsilçisi səfərdən ən pis halda 1 xalla dönməyə çalışacaq.

 

Günün digər oyununda isə "Rəvan" və "Qəbələ" komandaları üz-üzə gələcəklər. Avroliqadakı çıxışı ilə əlaqədar sabahkı matça əsasən ikinci heyətlə çıxacağı gözlənilən Roman Qriqorçukun komandası qələbə arzusundadı. Beynəlxalq arenada uğur qazanmağı hədəfləyən əyalət təmsilçisi çempionluq yolundadkı əsas rəqibi "Qarabağ"dan da geri qalmaq istəmir. Odur ki, "Qəbələ" səfərdə "Rəvan"ı məğlub edərək, "Krasnodar"la oyunöncəsi düşərgədi ab-havanı yüksəltmək niyyətindədi. "Rəvan" isə bu görüşdə uğursuz gedişə son qoymaq niyyətindədi. Geridə qalan 5 turda qələbə üzünə həsrət qalan "aslanlar" "Qəbələ" ilə matçda sindromu sındırmağa çalışacaqlar.

 

Turun mərkəzi oyunu isə şənbə günü baş tutacaq. Prinsipial qarşılaşmada "Qarabağ" və "Neftçi" klubları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun keçiriləcəyi stadion müəyyənləşmədiyindən matçın başlama saatı da hələlik bəlli deyil. Lider "Qarabağ" "Neftçi" səddini də itkisiz keçib, zirvədə möhkəmlənmək istəyir. Qurban Qurbanovun komandası qələbə qazanmaqla, həm də Avropa Liqasında "Anderlext"lə evdə keçirəcəyi oyuna yüksək əhval-ruhiyyə ilə çıxmaq arzusundadı. "Neftçi" isə güclü rəqibi ilə dueldə heç olmasa 1 xal qazanmağa çalışacaq.

 

Mövsümün ən uğursuz komandası AZAL bu tur Sumqayıta səfər edəcək. İlk 5 turda xalsız qalan "təyyarəçilər" qələbə görməyən "Sumqayıt"a qonaq olacaqlar. Hər iki komanda meydana 3 xal üçün çıxacaq.

 

Tura Lənkəranda yekun vurulacaq. FİFA-nın məlum qərarı ilə çətin vəziyyətə düşən "Xəzər Lənkəran" 1 aylıq fasilədən sonra doğma azarkeşləri önünə çıxacaq. "Ağ-yaşıllar"ın qonağı Premyer Liqanın debütantı "Zirə" olacaq. Geridəqalan 5 turda sadəcə "Qarabağ"a uduzan cənublular meydana maksimum nəticə üçün çıxacaq. "Zirə" də çətin səfərdən ən azı 1 xalla dönməyə çalışacaq.

 

Topaz Premyer Liqası, VI tur

25 sentyabr (cümə)

19:00. “İnter” – “Kəpəz”
Hakimlər:
Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov
“İnter Arena”

 

20:00. “Rəvan” – “Qəbələ”
Hakimlər:
Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
“Bayıl Arena”


26 sentyabr (şənbə)

“Qarabağ” – “Neftçi”
Hakimlər:
Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov

19:00. “Sumqayıt” – AZAL
Hakimlər:
Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
“Kapital Bank Arena”

 


27 sentyabr (bazar)


21:00. “Xəzər Lənkəran” – “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu


Digər xəbərlər

Xəbər xətti