Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri, "İnter"in təsisçisi Cahangir Hacıyevin həbs edilməsi məsələsi yenidən gündəmə gəlib. Buna bir neçə gün əvvəl ABB-nin problemli kreditləri ilə bağlı aparılan yeni həbslər səbəb olub. Sportarena.az xəbər verir ki, bu barədə qaynar.info-ya məlumatlı mənbə bildirib.
Sentyabrın 21-də Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Həbs edilənlər arasında Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da var.
Qaynar.info-nu məlumatlandıran mənbə bildirib ki, həbs edilən şirkət rəhbərləri birbaşa Cahangir Hacıyevə bağlı şəxslərdir. Belə ki, adıçəkilən şirkətlərin hamısı ABB-nin sabiq rəhbərinin “biznes imperiyasına” daxildir. Eyni zamanda həbs olunan filial direktorları da Hacıyevlə yaxınlığı ilə tanınırdı. Hətta Mərkəzi filialın direktorunun Cahangir Hacıyevlə ailəvi dostluğunun olduğu məlumdu. “Artıq ABB-nin sabiq rəhbərinə bu qədər yaxın şəxslərin həbs olunması oxşar qərarın Cahangir Hacıyevlə bağlı seçilməsinə hazırlıq kimi qiymətləndirilməlidir. Artıq məlumatlar var ki, onlardan ABB-nin keçmiş rəhbərinə qarşı ifadə alınır. Bi isə o deməkdir ki, həmin ifadələr əsas götürülərək Cahangir Hacıyevin özü barədə həbs qərarı seçiləcək”, - deyə qaynağımız əlavə edib.