Gələn həftə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. Sportarena.az xəbər verir ki, oyunlaröncəsi komndalarla bağlı bəzi məlumatlar hazırlayan UEFA-nın rəsmi saytı "Qəbələ" - "Krasnodar" görüşünə də yer verib.
Qitə futbol qurumunun Bakıda baş tutacaq oyun haqda yerləşdirdiyi yazıda təmsilçimiz haqda da məlumat verilib. "Qəbələ"nin qrup mərhələsinə I təsnifat mərhələsindən gəldiyini xatırladan UEFA bu günə qədər Azərbaycan və Rusiya klublarının 4 dəfə qarşılaşdığı matçlarda şimal qonşularımızın aşkar üstünlüyünü də qeyd edib: 3 qələbə, 1 heç-heçə.
Hazırda "Qəbələ"nin heyətində çıxış edən Aleksey Antonovun 2004-cü ildən 2007-yə qədər Krasnodarın digər təmsilçisi "Kuban"da oynadığı vurğulanıb. Bundan başqa, Georgi Floresku ("Torpedo" Moskva, "Alaniya", "Dinamo" Moskva), Məhəmməd Mirzəbəyov ("Torpedo" Moskva, "Torpedo-ZIL" Moskva, "Anji"), Sergey Zenyov ("Torpedo" Moskva) və Vaqif Cavadov ("Volqa") kimi futbolçuların Rusiya təcrübəsinə malik olduqları da xatırladılıb.
Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" oyunu oktyabr ayının 1-i, gecə saat 00:05-də keçiriləcək.