Cüdo millimizin yeni baş məşqçisi təqdim olundu: "Uğur qazana bilərik"

15:42 25 Sentyabr 2015

Bu gün Azərbaycanın cüdo millisinin yeni baş məşqçisi Peter Seysenbaxerin təqdimat mərasimi olub. Sportarena.az xəbər verir ki, mərasimdə jurnalistlərin suallarını cavablandıran avstriyalı mütəxəssis yenidən Azərbaycana qayıtmağından məmnun olduğunu deyib. O, qarşıdakı planları barədə məlumat verib:

 

"Azərbaycana Cüdo Federasiyasında baş məşqçi işləmək üçün dəvət olunmuşam. İkinci dəfə Azərbaycanda olmaqdan məmnunam. Artıq komanda ilə görüşmüşəm. Gələcək 9 ay üçün Olimpia oyunlarına yaxşı formada hazırlaşmaq üçün proqram hazırlanacaq. Amma detallar haqqında burda danışmaq vacib deyil. Əsas odur ki, komanda yarışlara hazır olduğunu hiss etsin. Bilsinlər ki, biz onların qayğısına qalırıq. Düşünürəm ki, komanda öz üzərində yaxşı işləsə, biz uğur qazana bilərik. Regionlarda daha çox iş görmək lazımdır. İdmançı seçimində biz hər kəsə şans verəcəyik. Hər çəkidə minimum iki nəfər olmalıdır. Ancaq bu şəkildə son ana kimi onlarda motivasiyanı saxlamaq olar. İdmançını reytinqinə görə seçmək düzgün olmaz. Bir çox namizədlər olmalıdır ki, onların arasından ən yaxşılar Azərbaycanı təmsil etsin".

 

2012-2014-cü illərdə də Azərbaycanın cüdo millisini çalışdırmış Seysenbaxer ölkəmizdən gedişi haqda danışarkən qeyd edib ki, Cüdo Federasiyası ilə heç bir problemi olmayıb: “Hər zaman münasibətlərimiz yaxşı olub. Elə ona görə də ikinci dəfə Azərbaycana dəvət aldım. Gedişim komandada taktiki dəyişikliklərlə bağlı idi".

 

Seysenbaxer baş məşqçi olaraq əvvəlkindən daha az qazanacağını bildirib: “Azərbaycanda qazanacağım məbləğ haqqında danışmayacam. Amma sizə maraqlıdırsa, əvvəlki məbləğdən daha aşağı alacam. İşimizi yaxşı qurmaq üçün çalışmalıyıq".


Digər xəbərlər

Xəbər xətti