Azərbaycan Premyer Liqasının VI turunda AZAL ilk xalını qazandı. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda səfərdə “Sumqayıt”la heç-heçə oynadı – 1:1.
Aqil Məmmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Döyüşən kollektivdən razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunun gedişində 10 nəfər qaldıq. Hakimlikdən razı deyiləm. Bəzi epizodlarda oyunu saxlamırdı. Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi. Rəhim Həsənov təcrübəsiz, gənc hakim deyil ki, deyim, bacarığı budur. Bunun adını qərəz qoyub, şər də ata bilmərəm. Sadəcə, fikrimdə qalıram: çox pis hakimlik elədi. Düşünürəm ki, epizodlara baxmalıyam. İndi deyə bilmərəm ki, ikinci sarı vərəqə var idi, ya yox idi. Epizoda baxıb, konkret danışa bilərəm”.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. Ağır vəziyyətdə olmağımıza baxmayaraq, mübarizəni davam etdirirlər. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.