Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə yaş qrupları arasında Avropa çempionatı yekunlaşıb. Sportarena.az xəbər verir ki, ölkəmiz bu yarışda 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan kişi və qarışıq cütlüklərlə təmsil olunub.
Hər iki cütlük bu turnirdə uğurla çıxış edib. Final mərhələsində qarışıq hərəkətlərə görə, hakimlərdən 27.650 xal alan Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Cütlük 1-ci yeri əldə edən Rusiya duetindən cəmi yüzdə üç xal geridə qalıb. 3-cü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar.
Qarışıq cütlüyümüz Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medal sahibi olub. Bu kateqoriyada 1-ci və 2-ci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya gimnastları tutublar.
Azərbaycan akrobatları tarixdə ilk dəfə olaraq, belə bir yarışda yüksək nəticə göstəriblər.
Mükafatlandırma mərasimində, Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının bitse-prezidenti, həmçinin Avropa Çempionatının apellyasiya kollegiyasının prezidenti Fərid Qayıbov iştirak edib.