AFFA və PFL Premyer Liqa oyunlarının görüntülərinin digər telekanallara, eləcə də saytlara təqdim olunması ilə bağlı bəyanat yayıb. Sportarena.az xəbər verir ki, bəyanatda deyilir:
Məlum olduğu kimi, Topaz Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən "CBC Sport" telekanalına satılıb. Xatırladaq ki, “CBC Sport” 700 min manat ödəyərək Topaz Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib.
AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı "CBC Sport" kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar.
AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün "CBC Sport" telekanalına müraciət etsinlər.
Anlayışınız üçün təşəkkür edirik.