"Bu ilin iyul ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edib. Tenderin şərtlərinə müvafiq ən real təklifi CBC kanalı irəli sürərək oyunların ilkin dövrdə CBC televiziya kanalında yayımlanacağını, CBC Sport kanalı üçün lisenziya alındıqdan sonra isə qarşılaşmaların bu kanal vasitəsilə yayımlanacağını bildirmişdi və tenderin qalibi olmuşdu".
Sportarena.az xəbər verir ki, bu fikirlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdur. "İdman Azərbaycan" telekanalının ittihamlarına cavab verən federasiya rəsmisi Premyer Liqa oyunlarının videomateriallarının digər telekanallar tərəfindən yayımlanmasına tətbiq olunan qadağanın tam qanuni olduğunu bildirib:
"Milli Televiziya və Radio Şurasının sentyabrın 8-də keçirilmiş növbəti iclasında “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib və oktyabrın 1-də bu kanal test rejimində mütəmadi yayıma başlayacaq.
Premyer Liqa oyunlarının yayım hüququna malik olan CBC Sport kanalının başqa televiziyalar və ya saytlar vasitəsilə oyunların çəkilişinə, habelə oyunlardan hazırlanmış videoreportajların yayımlanmasına qadağa qoyması müqavilə şərtlərinə uyğun olaraq tam qanunidir və bu praktika dünyanın əksər ölkələrində tətbiq olunmaqdadır.
Məsələn, Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsindəki bütün oyunlarının yayım hüququ İctimai televiziyaya məxsusdur və millinin oyunlarında digər televiziya kanalları çəkiliş aparmır".