"Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin II turunda evdə “Anderlext”I qəbul edəcək.
Sportarena.az "qol.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun öncəsi keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Çoxdandır azarkeşlərimiz önündə belə oyun keçirmək istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq. “Anderlext”də həmişə ustalıq səviyyəsi yüksək olan futbolçular olur. Buna görə də bu komandadan digər klublara səviyyəli futbolçular transfer olunur. Çox diqqətli olmalıyıq. Bizə gəldikdə isə futbolçularımızın hər biri məsuliyyəti dərk edir. Bilirik ki, sürətli olmasaq, bu komanda ilə başabaş mübarizə apara bilmərik. Məncə, sabah çox maraqlı oyunun şahidi olacaqsınız.
- Çumbinyonun meydana çıxmaq ehtimalı varmı?
- Sabahkı oyunda onun adını “18-liy”ə salmayacağıq. Amma növbəti oyunlarda ondan da istifadə edəcəyik.
- Son günlər mətbuatda “Qarabağ”ın futbolçuları arasında gərginlik olması ilə bağlı yazılar gedir. Belə bir hal olubmu?
- Bu yazıların harda getdiyini bilmirəm. Amma belə bir şey yoxdu. Bizim oyunlara hər biriniz gəlirsiniz. Yəqin ki, belə bir halla raslaşmamısınız.
- “Qarabağ”ın futbolçuları qol vurduqdan sonra psixoloji cəhətdən yaxşı durumda olmurlar. Ya özlərinə inanmırlar, ya da arxayınlaşırlar.
- Mənə dəfələrlə belə sual veriblər. Ola bilsin ki, hər hansı bir idman növündə psixoloq lazım olsun. Ancaq mənim komandama psixoloq lazım deyil. Özüm onlarla lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram. Biz “Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq, “Mançester Siti” isə dördünü. Bunlar furbolda normal haldır. Sabahkı oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram.
- Sabah “Qarabağ”ın heyətində iki hücumçu görə bilərik?
- Bizdə nadir hallarda iki hücumçu olur. Ancaq bəzən 3-4 hücumameyilli futbolçu ilə oynayırıq. Ola bilər ki, sabah hücumda altı hücumameyilli futbolçu ilə çıxış etdik. Dəfələrlə bildirmişəm ki, hücum edə-edə müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan verməməliyik.
- Rəqibin hansısa futbolçusundan çəkinirsiniz?
- Biz kollektiv oyuna üstünlük verəcəyik. Qeyd etdiyim kimi, rəqibin elə oyunçuları var ki, bir anda oyunun taleyini həll edə bilər. Ancaq çalışacağıq ki, kollektiv şəkildə uğur qazanaq.
- Sabah bir xal qazansanız, bu, sizi qane edəcək?
- Bunu oyundan sonra desəm, daha yaxşsı olar. Çünki göstərdiyimiz oyunun keyfiyyətindən asılı olaraq fikir bildirməliyəm ki, bu nəticə bizi qane edir, ya da etmir.