AFFA, “Bakcell” şirkəti və İngiltərənin “Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin ilkin hazırlıq qrupu fəaliyyətə başlayacaq. Sportarena.az xəbər verir ki, çoxsaylı istəklər nəzərə alınaraq AFFA, “M.U.” və Bakcell şirkəti ilkin hazırlıq qrupunun yaradılması qərarına gəliblər.
İlkin hazırlıq qrupunun 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olnması planlaşdırılır. İlkin mərhələdə 16 uşaqdan ibarət bir qrup fəaliyyət göstərəcək. 5 həftəlik proqrama 130 AZN ödəməklə qoşulmaq mümkün olacaq. Məşqlər oktyabrın 5-dən etibarən başlayacaq.
“Mançester Yunayted” Futbol Məktəbinin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə Bayıl stadionunda İngiltərədən ezam olunmuş məşqçi Mick Benneth və assistentləri Samir Ələkbərovla Cahangir Həsənzadə tərəfindən keçiriləcək.
Yerlər məhduddur.
Qrupa qəbul olunan uşaqlar qeydiyyat üçün mütləq aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış
Qeyd edək ki, yeni yaradılacaq ilkin hazırlıq qrupunun istedadlılar qrupuna adiyyatı yoxdur. İstedadlılar qrupu əvvəlki qaydada 3 qrup – U-10, U-11, U-12 – şəklində həftədə 2 dəfə məşqlərini davam etdirəcək və yoldaşlıq oyunları keçiriləcək.