"Finalda tələsmək olmaz" - Pyotr Svidler

13:55 1 Oktyabr 2015

"Finalın özü həlledici görüşdü. Karyakinə qarşı ciddi hazırlaşmışam. Sergey Bakıda çox gözəl oyun göstərdi, yaxşı formadadı".

 

Sportarena.az xəbər verir ki, bunu Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalçısı Pyotr Svidler deyib. Turnirin mətbuat xidmətinə açıqlama verən Svidler final görüşünün çətin olacağını deyib:

 

"Oyunun hər ikimiz üçün çətin olacağını deməliyəm. Artıq iddiaçılar turnirinə vəsiqə qazanmışam. İndi finalda da uğurlu çıxış etmək istərdim. İddiaçılar turnirinə vəsiqə qazanmaq çox önəmli idi. Yaşım az deyil, bu o deməkdi ki, hər zaman yaxşı oynaya bilməyəcəm. Hər halda şahmat gəncləri sevir. İddiaçılar turniri dünya çempionluğu uğrunda mübarizə aparmağa şərait yaradır. Ona görə çox sevinirəm. Bu mənim üçün son şansdı. Dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaqla hədəfimə çatdım".

 

Svidler final görüşünə ağ fiqurlarla başlayacaq. Finalda şahmatçılar 4 dəfə üz-üzə gələcəklər. Qalib müəyyənləşməsə, onların arasında tay-brek oynanılacaq. Svidlerin fikrincə, həlledici görüşdə favorit yoxdu: "Dünya Kuboku kimi yarışlarda aşkar favorit olmur. Finalda təmkinli və düşünərək hərəkət etmək lazımdı. Tələsmək olmaz. Fikrimcə, şahmat azarkeşlərini maraqlı final gözləyir. Rusiyanın iki təmsilçisi mübarizə aparacaq. Güzəşt olmayacaq. Hər birimiz Dünya Kubokunu qazanmaq istəyirik".

 

Dünya Kubokunun təşkilatçılığını yüksək qiymətləndirən Pyotr Svidler Azərbaycana gəlməkdən hər zaman məmnun qaldığını deyib: "Dünya Kuboku çox maraqlı keçdi. Təşkilatçılar xırda detalları belə, nəzərə alıblar. Qidalanma yüksək səviyyədədi. Eyni zamanda bizə münasibət çox yaxşıdı. Əlbəttə, şahmatçılar fərqli insanlardı, çox şeyə fikir verməyə bilərlər. Lakin turnirin keçirildiyi məkan, zalın tərtibatı idealdı. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da yüksək səviyyədə keçirəcək. Ölkənizə gəlməkdən hər zaman məmnunam. Olimpiadada iştirak edib-etməyəcəyimi bilmirəm. Rusiya yığmasında rəqabət çox yüksəkdi. Son aylar heyətə düşmürəm, amma dəvət alsam, hər zaman millinin şərəfini qorumağa hazıram".


Digər xəbərlər

Xəbər xətti