"Xəzər Lənkəran" üçün SOS: Artıq vədləri həyata keçirmək lazımdır

15:00 1 Oktyabr 2015

Ötən mövsümü boşa verən “Xəzər Lənkəran”cari çempionata böyük ümidlərlə başlamışdı. Komandanın qarşısına minimum mükafatçılar sırasına düşüb, avrokuboklara vəsiqə qazanmaq, maksimum isə çempionluq missiyası qoyulmuşdu. Elə edilən transferlər də buna hesablanmışdı. Pavel Kapsa, Dieqo Souza, Limam Seydi, Ruslan Abışov, Vüqar Nadirov, Rəşad Eyyubov ötən il gənclərlə mübarizə aparan komandanı gücləndirməli idi. Artıq komandadan üz döndərən bəzi azarkeşlər də yenidən “ağ-yaşıl” rəngləri sevməyə başlamışdı. Ta ki, FİFA-nın məlum qadağasını qüvvədə saxlamasına kimi. Ali futbol qurumunun qərarı cənub təmsilçisinin yeni mövsümlə bağlı planlarını sözün əsl mənasında alt-üst elədi. İndi “Xəzər Lənkəran” yenə qalıb təcrübəsiz gənclərin ümidinə. Düzdü, komanda bir tərəfdən onları qazanır. Amma itirdikləri daha çoxdu.

 

Əslində Lənkəran komandası ilk səhvi “gəncləşdirmə siyasəti”ni seçərkən etdi. Addım doğru idi, sadəcə, doğru və zamanında atılmadı. Bu daha çox XL-ın iddiasını itirmə siyasəti idi. Azərbaycan çempionatlarına daim rəng qatan “ağ-yaşıllar” son 2 mövsümdə “ağ-qara” filmi xatırladır. “Xəzər Lənkəran” kimi bir klubu birdən-birə gəncləşdirmək onu zəiflətmək effekti verdi. Komandanı gəncləşdirmək olar, amma heyətin 90 faizini dəyişməklə yox. 5-6 səviyyəli legionerin yanında gəncləri oynada-oynada. Budur gəncləşdirmə siyasəti. “Xəzər Lənkəran”ın siyasəti isə daha çox maliyyə böhranında çabalayan klubun tutduğu yol təsiri bağışladı. Halbuki, hazırda ən yaxşı maliyyə dayaqlarına sahib olan 2-3 komandadan biridir “Xəzər Lənkəran”.

 

Deyilənə görə, transfer qadağası başa çatdıqdan sonra komanda yenidən gücləndiriləcək. Hətta bu yaxınlarda ölkəmizdə toy mərasimində iştirak edən klubun fəxri prezidenti Mübariz Mənsimov da azarkeşlərdən birinin sualına cavab olaraq, bildirib ki, komanda əvvəlki tək iddialı olacaq. Bunun nə dərəcədə real olduğunu indidən söyləmək çətindir. Zaman hər şeyi göstərəcək. Amma artıq verilən vədləri həyata keçirmək lazımdır. Onsuz da son illərdə azarkeşlərin komandaya inamı azalıb. Yerdə qalanını da itirsə, “Xəzər Lənkəran” üçün çox çətin olacaq. Mənsimovlar artıq “Xəzər Lənkəran”a daha çox diqqət ayırmalıdırlar. Cənub bölgəsi bu komanda ilə nəfəs alır. Xüsusi ilə lənkəranlılar. Azərbaycan çempionatının bəzəyini yenidən dirçəltmək lazımdı. Bunun üçün isə sözdə yox, əməldə nələrisə dəyişməyin vaxtıdı.

 

FİFA-nın qadağasına gəlincə, düşünürəm ki, “Xəzər Lənkəran” rəhbərliyi bundan sonra daha diqqətli olacaq. Yol verilən kiçik xətalar sonda böyük problemə çevrilir. Necə ki, indi komanda buna görə əziyyət çəkir. Hələ gec deyil. Sadəcə, futbolçularla bağlanan müqavillərdə, götürülən öhdəliklərdə və digər məsələlərdə peşəkarlığı ön plana çıxarmaq lazımdı.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti