"Rəvan"da haqsızlıqla üzləşən qapıçı: "Mənə dedilər ki, Abdulla Rauf Mehdiyevin tanışıdır deyə, Moskvaya o gedəcək"

16:16 1 Oktyabr 2015

"Rəvan"dan ayrılmamışam. Müqaviləm bu komandadı".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Rəvan"ın U-19 komandasının qapıçısı Cəfər Əlizadə deyib. Ötən mövsüm komandasının U-19 liqasında çempion olmasında böyük pay sahibi olan qolkiper haqsızlıqla üzləşib. Belə ki, ötən il 23 oyunda cəmi 4 top buraxan qapıçı gözlənilmədən əsas heyətdən kənarda qalıb. Nəticədə gənc qolkiper "Rəvan"ın UEFA Gənclər Liqasının I turunun "Spartak"la oyunu üçün Moskvaya aparılan heyətinə salınmayıb. Cəfərə isə deyiblər ki, Abdulla Seyidəhmədov "Rəvan"ın qapıçılar üzrə məşqçisi Rauf Mehdiyevin keçmiş tələbəsi olduğundan, Moskvaya onu aparıblar:

 

"Ötən mövsüm 23 oyunda qapıda durmuşam. Cəmi 4 top buraxmışam. U-19-la 1-2 dəfə məşqə çıxdım. Sonra Kamil müəllim məni öz otağına saldı. Dedi ki, "Spartak"la oyuna mən səni aparmaq istəyirdim. Onluq orda heç nə yoxdu. Allah Kamil müəllimin canını sağ eləsin. Rauf Mehdiyev deyib ki, Abdulla mənim tələbəmdir, o getməlidir. Abdulla Rauf Mehdiyevin tanışıdı. Ona görə də Moskvaya onu apardılar. Mənə elə deyiblər". 

 

UEFA-nın Gənclər Liqası ilə bağlı əsasnaməsinə görə, turnirə vəsiqə qazanan hər bir komandada ötənilki heyətdən minimum 14 futbolçu olmalıdır. "Rəvan" isə "Spartak"la oyuna 9 yeni futbolçu ilə yollanmışdı: "Onlardan 5-i "Qəbələ"dən gəlib. Yenilərin 4-ü "Spartak"la oyunda əsas heyətdə oynadı. 4-ü isə digər klublardan gəlib. Bir il bu komandanın qapısını mən qorumuşam. Hətta "Lider TV", "İnterAz" telekanalları da bizim komandadan süjet hazırlamışdılar. Hamısı mənim ötən ilki çıxışımı qeyd etmişdilər. Amma onlar məni qoyub, kənardan götürülən futbolçuları Moskvaya apardılar. Ola bilər, digər futbolçulara saxta sənədlər düzədiblər. Amma mənim bundan xəbərim yoxdur".

 

Cəfər Əlizadənin atası Fikrət Əlizadə isə "Futbol+" qəzetinə açıqlamasında bunları deyib: "Bilirsiz Moskvaya yollanan heyətdə nə qədər "lipa" var? Kimlərinsə tapşırığıyla komandaya "lipa" oyunçular dəvət olunub. Əsədullayev futboldan uzaq adamdı. Onun bu idman növündən anlayışı yoxdu. Kimsə AFFA-da ona daydaylıq edir, o da bu gün bizim uşaqları incidir. Bu üzdən də ölkə futbolu inkişaf etmir".

 

Qeyd edək ki, UEFA Gənclər Liqasının "Çempionlar yolu"nun I mərhələsində səfərdə "Spartak"ın qonağı olan "Rəvan" 0:4 hesabı ilə darmadağın olub. 


Digər xəbərlər

Xəbər xətti