"Standart vəziyyətlərdə problemlərimiz var" - Qurban Qurbanov

00:58 2 Oktyabr 2015

“Meydanda belə mübarizə aparmaq istəyirdik. Futbolçularımdan razı qaldım”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”i qəbul edən Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Matçdan sonra mətbuat konfransında iştirak edən Qurbanov qələbə sevincini bölüşüb:

 

“Qələbə qazansaq da, rəqib zəif deyildi. Son vaxtlar bu cür komandaya qarşı oynamamışdıq. “Anderlext” hər bir komandaya qol vurmaq gücündədi. Uşaqlara “sağ ol” deyirəm. Azarkeşləri təbrik edirəm. Vacib 3 xal əldə etdik. Qrupdakı bütün rəqiblərimiz bir-birindən güclüdü. Qələbəyə görə şadam”.

 

- Şehiçə özünü yığışdırmağı tapşıracaqsınızmı?

- Bir insanın üzərinə çox gedəndə, potensialını itirə bilər. Şehiçin bəzi oyunlarda qələbə qazanmaqda böyük rolu olub. Kimdə səhv olmur ki? Gəlin, bu suala qayıtmayaq. Çünki qarşıda vacib oyunlarımız var, Şehiçə güvənmək lazımdı. Biz ona şərait yaratmalıyıq. Səhvlər olur və bu başadüşüləndi. Bu gün də ümumən pis oynamadı.

 

- “Anderlext”ə qarşı xüsusi hazırlığınız nədən ibarət idi? Bir də meydançanın vəziyyəti ilə bağlı fikriniz necədi?

- Rəqibin heyətində fiziki göstəriciləri üstün olan oyunçular çox idi. Hündürboy oyunçuları çox idi. Buna görə də, künc zərbəsi zamanı 3 oyunçunu irəlidə saxlayırdım. Ən real qol imkanlarını da standart vəziyyətdən sonra yaratdılar. Çox şükür ki, qol buraxmadıq. O ki qaldı meydançaya, “Yanq Boyz”la oyundakından daha yaxşı idi. Meydanın düzlüyü pis deyildi, amma ikinci hissədə müəyyən problemlər oldu.

 

- “Qarabağ” rəqibə imkan vermədi, yoxsa rəqib Bakıya rahat gəlmişdi deyə, öz oyununu göstərə bilmədi?

- Biz ilk növbədə öz oyunumuzu göstərmək üçün rəqibin qarşısını almalıydıq. “Anderlext”in futbolçuları çox sürətli idilər. Pressinqi daha çox meydanın mərkəzində fikirləşmişdik. Futbolçularımız çox güc sərf etdilər. Rəqib ikinci hissədə daha çox hücum etdi. Bu bir tərəfdən bizim xeyrimizə oldu. Uzun ötürmələrdən istifadə etməyə başladılar, xüsusilə Okakanı hücuma qoşurdular. Amma biz buna hazır idik. Belə balanslaşdırılmış komanda nadir hallarda olur. Dünən də demişdim ki, “Anderlext”də seleksiya işi yaxşı aparılır. Çox şükür ki, düşüncələrimiz tam olmasa da, həyata keçdi.

 

- Avroliqaya başlamamışdan öncə demişdiz ki, hələ qrupdan çıxmaq barədə düşünmürsüz. Bugünkü qələbədən sonra iştah artıbmı?

- Real baxmalıyıq. Bu gün qrupdakı rəqiblərimiz bizdən üstün və güclüdü. Amma istəyin hesabına uğurlar əldə etmək olar. Mən dəfələrlə demişəm ki, “Sent-Etyen”lə oyun ən yaxşı görüşlərimizdən biri olub. Amma həmin görüşdə qalib gələ bilməmişdik. Bu gün isə oyunun 30-40 dəqiqəsində rəqiblə başabaş mübarizə apardıq. Amma fiziki keyfiyyətləri çox üstündü. Mən hələ “Tottenhem”dən, “Monako”dan danışmıram. Əsas odu ki, biz işimizə düzgün yanaşaq. Mən oyundan əvvəl demişdim ki, “Anderlext”ə 1 hissə qalib gəlsək, yenə razı olacam. Klub kimi böyüməliyik.

 

- Standart vəziyyətlərdə çətinliklə üzləşməyinizin səbəbi nədi?

- Nə qədər güclü komanda da olsa, standart vəziyyətdən top buraxır. Bu gün mən deyim ki, boyu 190 sm boyu olan 4 müdafiəçi gətirəcəm, bu o demək deyil ki, kornerdən yüz faiz qol buraxmayacağıq. Bu gün qəbul edirəm ki, standart vəziyyətlərdə problemlərimiz var. Amma oyunçularımızın qabaritləri budu, boyları hündür deyil.

 

- İkinci hissədə 5 müdafiəçili oyuna keçdiz. Bunu əvvəlcədən planlaşdırmışdız?

- Xeyr. İkinci hissədə rəqib daha çox uzun ötürmələrlə oynamağa başladı. Həmin zonada daha çox oyunçunun olması lazım oldu. Buna görə də, belə addım atdıq. Amma yenə də rəqibin qol imkanları oldu. Sonda “Qəbələ”yə uğurlar arzulayıram. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdacaqlar.

 

Mənbə: Apasport.az


Digər xəbərlər

Xəbər xətti