"İki fərqli hissə izlədik. İlk yarıda oyuna diktə edən tərəf "Krasnodar" idi. İkinci hissədə isə üstünlük bizdə oldu. Komandamız yaxşıoynadı. Təəssüf ki, sonda məğlub olduq".
Sportarena.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında "Qəbələ"nin hücumçusu Vaqif Cavadov deyib. "Sport-ekspress" qəzetinə danışan təcrübəli futbolçu "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları oyun haqda fikirlərini açıqlayıb:
"Oyunu uda bilərdik. Elə Krasnodara da qələbə dalınca gəlmişdik. İkinci hissədə vəziyyəti dəyişdik. Məncə, oyunun taleyini öz xeyirimizə həll edə bilərdik. Heç-heçə ədalətli nəticə olardı. Amma bu, futboldur. İkinci hissədəki kimi oynasaq, bizim üçün hər şey yaxşı olacaq".
"Avroliqada bütün komandalar güclüdür. Biz də onların sırasındayıq. Əsas odur ki, səhv buraxmayaq. Amma biz bu gün həmin səhvi buraxdıq və uduzduq. Ümumilikdə, uşaqlar yaxşı oynadılar. Komandamız meydanda bütün bacarıqlarını nümayiş etdirdilər. Bakıda fərqli oyun olacaq".