Dünən keçirilən "Qarabağ" - "Anderlext" (1:0) oyunundan sonra Brüsseldən gələn azarkeşlərlə polislər arasında anlaşılmazlıq baş verib.
Sportarena.az "Qaynar.info"ya istinadən xəbər verir ki, belçikalı tərəfdarlar komandalarının Avroliqanın qrup mərhələsində ardıcıl 2 oyunda qələbə qazana bilməməsində futbolçuları günahlandırıb.
Qonaq fanatlar yerləşdikləri sektordan düşərək futbolçuları cəzalandırmağa çalışıblar. Bu zaman polislər və Daxili Qoşunların əsgər heyəti bunun qarşısını alıb. Azarkeşlər "Anderlext"in kapitanı Silvio Proto, Olivye Deşaxt və Yuri Tilemansa öz sözlərini desələr də, sakitləşməyiblər.
"Qarabağ"ın meneceri Asif Əsgərov polislərin oradan çəkilməli olduğunu bildirsə də, asayiş keşikçiləri oranı tərk etməyib. Hadisə yerinə "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl də gəlib. Bu arada alkoqol qəbul etmiş qonaq fanatlardan da bir-biriləri ilə dalaşan olub. Ancaq bu davanı da polis yatırda bilib.
Məsələyə AFFA-nın baş katibi Elxan Məmmədov da qarışıb. O, hadisə yerinə təşrif buyurub. O, azarkeşlərinə görə məsuliyyət daşıyan "Anderlext"in rəsmiləri ilə danışıb, fanatların təhlükəsizliyi baxımından bir problemin olmadığını bildirib. Azarkeşlər sektordan düşdükdən sonra bir müddət polislərin əhatəsində saxlanılıb. Yerli azarkeşlər tamamilə stadiondan çıxdıqdan sonra qonaqların da arenanı tərk etməsinə icazə verilib.
Sonda azarkeşlərin futbolçularla gərginlik anını və Elxan Məmmədovun stadiona təşrif buyurma görüntüsünü təqdim edirik.