"Düşünürəm ki, maraqlı oyun oldu. Çox vacib bir oyuna çıxmışdıq. Avropa Liqasının “Anderlext”lə oyununda futbolçular həqiqətən də çox yorulmuşdular. Həmin oyunçuları əvəzləyənlər əllərindən gələni elədilər".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın VII turunda "İnter" üzərində qələbəni şərh edib:
"İnter" tam fərqli bir komandadır. Bu rəqibə qarşı oynamaq heç də asan deyil. Belə bir matçda futbolçularımdan razı qaldım, amma sözsüz ki, müəyyən çatışmazlıqlar var. Bu oyundan sonra 2 gün istirahət edə bilərik".
Qurbanov penalti epizodu barədə isə çox danışmaq istəməyib: "Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır".