"Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin bəh-bəhli müsahibəsinin üzərində 7 gün keçir. 1 həftə bundan öncə el aşıqları "gözəlləmə” dediyi kimi, dedektiv yazıçısı da, rəhbəri olduğu klubu tərifləyir, "xalq komandası”nın çopurlu sifətinə "pudra” çəkib, maskalayırdı.
Ötən gün isə "Neftçi”nin maskası cırıldı. Azərbaycanın ən köklü klubuna Premyer Liqanın debütantı "Zirə” əsl futbol dərsi keçdi. Adil Şükürovun komandasının 90 dəqiqəlik mühazirəsində "ağ-qaralar"a futbolun necə oynamaq lazım olduğunu göstərdi. Yəqin ki, Samir Əliyevin özü və futbolçuları bundan bir nəticə çıxaracaq. Bəs rəhbərlik?
Vallah, zarafat etmirəm. "Zirə" hər nə qədər debütant, məğlubedilməz olsa da, onun rəhbərliyi kənardan alicənab görünür. Görəsən, Zirə təmsilçisinin başqanı Vüqar Astanovun boş vaxtı var? Varsa, "Neftçi" rəhbrliyinə qısa zaman ərzində belə əzmkar, məğlubedilməz, baxımlı oyun sərgiləyən komandanı necə yaratdığından mühazirə keçsin, dərs öyrətsin. Hə, nə fikirləşirsiz, Elnur Məmmədov? Utanırsız, müraciət etməyə? Utanırsızsa, Vəli Qasımov desin. Utanırsızsa, Bəhram Bağırzadə müraciət etsin. Utanırsızsa, klubun mətbuat sorumlusu Mehman Rəsulov rəsmi məktub yazsın. Heç birinizin üzü gəlmirsə, siz əvəzdən mən müraciət edə bilərəm.
Razıyam, yalandan and içirəmsə, Allah belimi qırsın. Vallah da, billah da, "Qarabağ" "Neftçi"yə ciddi yanaşmamışdı. Qurban Qurbanov sadəcə, "Anderlext"lə çətin oyun öncəsi komandasına məşq etdirirdi. Bir halda ki, Qurban bəy "əvvəlcədən hansı futbolçunun neçə dəqiqə oynayacağını planlaşdırmışdım" deyirsə, əlavə şərhə nəticə varmı? Ağdam klubu Belçika nəhəngini devirirsə, əlavə sözə lüzum varmı? Bir haldakı ki, Zirənin "qartallar"ı növbəti həftədə "Neftçi"ni caynağına alıb, aparıb Xəzər dənizinin ortasında suya atırsa, bunun başqa fakta, sübuta gərəyi varmı?
"Neftçi" azarkeşlərinin artıq səbr kasası daşır. Növbəti xal itkisi, məğlubiyyət bardağı daşıran son damla olacaq. Ey könlünü "Neftçi"yə verənlər, gecəsi-gündüzü bu klubla tutuşub-yananlar, yağışda, qışda "səninləyik, "Neftçi" deyənlər! Lütfən, əsəbləşməyin! Hər hansı xoşagəlməz addım atmayın. Əks halda öz komandanız üçün edəcəyiniz çılğınlıq sizin həbsinizə, stadiondan kənarlaşdırılmağınıza, alnınıza "kənar şəxs" damğası vurulması ilə nəticələnə bilər.
Ən yaxşısı verin "Neftçi" rəhbərliyini məhkəməyə. Hesab sorun - hanı o yücə "Neftçi"? Onu kim öldürdü, kim talan etdi? "Neftçi"nin qarət edənləri, dağıdılan dövlət pullarının qarşılığında az qala komandanı autsayderə çevrilməsinin günahkarı kimdi? Ay Çingiz Abdullayev, dedektiv yazar deyilsiz? Araşdırın da qatı açılmamış cinayəti...
Emin SƏFƏROV, Sport7.az