Topaz Premyer Liqasının VII turunun "İnter" - "Qarabağ" oyununda maraqlı hadisə yaşanıb. Sportarena.az xəbər verir ki, matçın sonlarında "bankirlər"in qapıçısı Georgi Lomayanın rəqib futbolçuya müdaxiləsindən sonra görüşün baş hakimi Elvin Əsgərov penalti nöqtəsini göstərib. Qolkiperi isə meydandan qovub.
Lakin bəyaz nöqtəyə yaxınlaşan Elvin Məmmədov topu qapıya deyil, kənara vurub. Yarımmüdafiəçi Qurbanovun tələbindən sonra bilərəkdən hədəfdən yayınıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov addımını bu cür izah edib: "Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır".
Video: futbol7.az