Yunis Hüseynov: "Bu məğlubiyyətin əvəzini çıxacam" - MÜSAHİBƏ

14:43 5 Oktyabr 2015

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun Sportarena.az saytına müsahibəsi

 

- Dünən "Qəbələ"ilə oyundan sonra mətbuat konfransına qatılmadız. Bu, yazıldığı kimi səhhətinizlə bağlı idi, yoxsa özünüz istəmədiniz?

- Sırf səhhətimlə bağlı idi. Oyundan sonra həqiqətən özümü pis hiss elədim. AFFA nümayəndəsinə də dedim ki, özümü yaxşı hiss eləmirəm.

 

- İndi hər şey qaydasındadı?

- Hə. Şükürlər olsun ki, yaxşıyam.

 

- Keçək əsas məsələyə. 0:6 hesabı ilə ududuğunuz oyunla bağlı nə deyə bilərsiz?

- Heç nə demək istəmirəm. Çünki oyunla bağlı deyiləsi bir söz yoxdu.

 

- Bundan əvvəlki oyunlarda da bu heyətlə çıxış etmisiz. Həmin matçlarda komanda daha mübariz təsir bağışlayıb. Hətta uduzsalar belə, mübarizə aparıblar. Qəbələdə nə baş verdi ki, "Xəzər Lənkəran" 6 top buraxdı?

- Oyunun 7-ci saniyəsində top buraxdıq. Mənə elə gəlir ki, həmin qol matçın qırılma nöqtəsi oldu.

 

- Bu cür ağır məğlubiyyətdən sonra komandanı qarşıdakı oyunlara kökləmək çətin olmayacaq?

- İnşallah, kökləyəcəm. Bu məğlubiyyətin də əvəzini çıxacam. Mən belə düşünürəm.

 

- Dekabra kimi bu heyətlə oynayacaqsız. Qarşıdakı turlarda da belə nəticə təkrarlana bilərmi?

- Bunu futbolçular da dərk edirlər ki, dekabra kimi bu heyətlə oynamağa məcburuq. Bu futboldu. Hər şey ola bilər. Biz artıq bununla barışmışıq ki, heyətimiz belədir. İlin sonuna kimi mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur. Deyim ki, bəlkə hardasa yenilikola bilər, xeyr. Dekabra kimi bu heyətlə oynayacağıq.

 

- Adətən böyükhesablı məğlubiyyətlərdən sonra, şərtlər nə olursa olsun, baş məşqçilər istefa verirlər. Ancaq sizin danışığınızdan hiss olunur ki, siz "Xəzər Lənkəran"ı yarıyolda qoyub getmək istəmirsiz...

- Yox. İnşallah, dekabra kimi dözmək lazımdı. Yeni ildən hər şey yüksək səviyyədə olacaq.

 

- Bu məğlubiyyətdən sonra rəhbərlik sizə, komandaya hansısa irad bildirdimi?

- Yox, yox. Heç bir irad olmadı. Bu dəqiqə bütün Azərbaycan da bilir ki, vəziyyət necədi. Qadağa var, ona görə futbolçu transfer edə bilmirik. Dünən də gördüz ki, Rasim Ramaldanovun olmaması müdafiədə problem yaratdı. Belə şeylər ola bilər. Belə oyunlar da yenə ola bilər. Çünki futboldu. Heçkim heç nədən sığrotalanmır. Amma çalışmalıyıq ki, bunu yaddan çıxaraq.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti