"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun Sportarena.az saytına müsahibəsi
- Premyer Liqanın VII turunda səfərdə "İnter"i 2:0 hesabı ilə məğlub elədiz. Oyunla bağlı fikirlərini bilmək istərdim...
- "Birinci hissədə daha yaxşı oynadıq. Bilirdik ki, "İnter" çox az top buraxır. İkinci yerdə gedən komanda idi. Düşündüyümüz kimi də oldu. Ancaq ikinci hissədə rəqib bizdən daha yaxşı oynadı. Sonda qələbə qazandıq. Bütün komandanı təbrik edirəm. Davamı gəlsin.
- Yəqin sən də razılaşarsan ki, oyundan daha çox penalti epizodunda topu kənara vurmağın ön plana çıxdı. Həmin anı necə xatırlayırsan?
- Penaltini mən vurmayacaqdım. Topu Reynaldo götürmüşdü. Sadəcə, Qurban müəllim məni çağırıb dedi ki, vurma, mən də kənara vurdum. Yəni Qurban müəllim tapşırıq verdi, mən də əməl elədim. Bunu çox da böyütmək lazım deyil.
- Həmin epizod artıq geridə qalsa da, müzakirələr davam edir. Sosial şəbəkələrdə belə bir sual dolaşır: Görəsən, "Qarabağ" hesabda geridə olsaydı, və ya heç-heçə oynasaydı, həmin topu yenə kənara vurulacaqdımı?
- Bu, Elvinə aid məsələ deyil. Qurban müəllim göstəriş verdi, Elvin də icra elədi. Özü də mətbuat konfransında dedi ki, belə qələbələr bizə lazım deyil. Məncə, hesabda geridə olsaydıq belə, Qurban müəllim eyni qərarı verərdi. Çünki o, belə bir adamdı. Həmin vaxt futbolçulardan penalti olub-olmadığını soruşdu. Dedilər ki, yox idi. Onda Qurban müəllim dedi ki, topu kənara vurmaq lazımdı. Məncə, mətbuat konfransında o sözləri deyən şəxs bunun da arxasında durardı.
- Sən epizodu gördün? Orda penalti var idi?
- Mən də epizoda yaxın idim. Penalti yox idi.
- Seçim imkanı səndə olsaydı, Qurban Qurbanov heç nə deməsəydi, ağ nöqtəyə yaxınlaşdığın an sən hansı qərarı qəbul edərdin?
- Bu sualala cavab verməkdə çətinlik çəkirəm. Çünki vaxtı ilə bizim də əleyhimizə penalti qərarları verilib. Bu, Azərbaycan futbolunda ilk dəfə baş verir. Penaltini kənara vurardımmı? Bəlkə də vurardım, bəlkə də vurmazdım. O hissləri yaşamamışam. Ona görə nəsə demək çox çətindi. Yalan deyim ki, vurmazdım, düz çıxmaz. Bu, Qurban müəllimin qərarı idi. O dedi, mən də icra elədim.
Elnur SALAHOV