Sosial şəbəkələrdə, idman portallarında əsas müzakirə mövzusu "Xəzər Lənkəran"ın son turda aldığı acı məğlubiyyətdir. Sportarena.az xəbər verir ki, əslində çox kasad və gənc futbolçuların çoxluq təşkil etdiyi “Xəzər Lənkəran”ın haradasa bir yerdə dayanacağı bəlli idi. Bu uşaqlarla hara qədər getmək olardısa gedildi və çətin Qəbələ səfərində gözlənilən acı məğlubiyyət reallaşdı. Çünki, əsasən 11 futbolçu üzərində dayanan komanda zədə və kart cəzaları ilə üzləşəndə o məlum "11-liy"i məktəb uşaqları doldurdu ki, belədə də Əli ilə Vəlini Qay ilə Antonlar cəzalandırdı. Sabah necə olacaq sualı ən aktual mövzudur camiədə…
"12-ci oyunçu" həmin sabahın izinə çıxıb bəzi reallıqları aşkarladı. Beləliklə;
İflas ya imtahan?
Klub haqqında gəzən maliyyə sıxıntısı söhbəti sən demə ən başlıca səbəbdir. Kluba FİFA qadağası davam etməsəydi belə nisbətən bahalı futbolçuların maaşının verilməsi mümkünsüz görünürmüş. Artıq müxtəlif klublara üz tutan yay transferləri məhz o səbəbdən komandada qalıb CAS ın qərarını gözləməyiblər. Çünki, artıq 5 aydır ki, komanda maaş almır və klub bütünlüklə klubun prezidenti Mais Mənsimovun şəxsi imkanları hesabına yaşayır. Mənsimov sadəcə “Palmali”nın ümümi böhranında şirkətə bu yolla yardımçı olmaq yolunu tutub. İstanbuldan malliyələşən klub artıq bir ilə yaxındır ki, yalnız Mais Mənsimovun daxili imkanları ilə ayaqda qalıb. Prezident klubun adı və aydın məsələdir ki, öz imiclərini qorumaq üçün bütün fədakarlığı edib klubu buraxmır. Amma hara qədər və onun imkanı nə qədər çatacaq bunu heç kəs bilmir. Ümid İstanbulda vəziyyət düzələndə Mais Mənsimovun ağır gündə etdiyinin qiymətləndirilməsi və böyük maliyyə axının bərpa olunmasıdır.
AFFA pusquda
Belə durumu görən AFFA hərəkətə keçib, “Sumqayıt”, “ Kəpəz” və digər monopoliyasında olan klublar sırasına “Xəzər Lənkəran”ı da qatmaq istəyir. Amma bir şərtlə – Baza və stadion AFFA nın balansına keçsin. Ondan sonra kluba maliyyə köməkliyi edilə bilər. AFFA 11-il ölkə futboluna öz gücünə xidmət edən “Xəzər Lənkəran”a rəhm etmək fikrində deyil. Mənsimov isə AFFA-nı yaxına buraxmır. Məsələ hələ də açıq qalıb. Hətta AFFA prezidenti də dostu Mübariz Mənsimova bu məsələdə təmənnasız yardım etməyi düşünmür. Bax, belə…
Necə olacaq?
Reallığı əks etdirən görüntü olaraq klub iflas durumundadır. Bütün problemlər masa üzərində həllini gözləyir. Hazırda yalnız dualar edib ümumi “Palmali”nin böhrandan çıxmasını gözləməkdir. Çünki, Bakıda heç bir maliyyə dayağı olmayan klub rəhbərliyinin nə qədər fədakarlıq edəcəyi məlum deyil. Yalnız “Palsüd” var ki, son zamanlarda bazarda satış nailiyyətini yetərincə qaldıran süd zavodu köhnə rəhbərliyin-türk idarəçilərin yaratdığı borcu ödəməklə məşğuldur və kluba hər hansı ciddi kömək edəcəyi inandırıcı görünmür. Demək ki, vəziyyət doğurdan da ağırdır. Və bu durumda hər ağızdan bir hava gələn camiənin nə qərar verəcəyi, hansı yolu tutacağı da maraqlıdır.