"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun iflas olması ilə bağlı Türkiyə mətbuatında yazılanlara şirkətin Bakı ofisindən münasibət bildirilib. Sportarena.az xəbər verir ki, qurumun rəsmisi Tuyqun Nadirov "Report"a açıqlamasında xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.
Belə məlumatların yayılmasından təəssüf hissi keçirdiyini bildirən T.Nadirovun sözlərinə görə, yazılar heç bir tutarlı əsas olmadan ictimaiyyətə təqdim edilir. O, xəbərləri yoxlamadan yayan yerli mətbuatı da günahlandırıb: "Türkiyədə hər hansı mətbu orqan bunu yazıb. Bəs Azərbaycandakı mətbuata nə olub? Məsələni dəqiqləşdirsinlər, baxsınlar məlumatın əsası var, ya yox... Kiminsə düşüncəsi sağlam deyilsə, ağlına gələni yazacaqsa, onu götürüb ictimaiyyətə yaymaqla məşğul olmaq lazımdır? İflas oldu, nə bilim, nə oldu.. Belə nəhəng bir şirkət haqqında durub kiçik biznes qurumu kimi "belə oldu, elə oldu" demək gülməlidir. Təbii ki, bunlar da kimlərinsə, nələrinsə marağına xidmət edir. Mən özüm 10 ildən artıqdır ki, bu şirkətdəyəm və hansı fundamentin üzərində qurulduğunu, hansı dayaqda dayandığını yaxşı bilirəm. Yaxın gələcəkdə də bu məsələ haqda söhbət gedə bilməz. Şirkətin biznesdə rentabelli olması, yeni layihələrin maliyyələşdirilməsi ilə məşğul olması hər şeyi göstərir. Təbii ki, hazırda qlobal paradokslar nəticəsində bir çox sahədə çətinliklərin olması faktdır və burada qeyri-adi bir şey yoxdur. "Palmali" kimi bir şirkət də bu proseslərdən kənarda qala bilməz. Şirkətə olan borclar eyni zamanda şirkətin özünün müəyyən sıxıntılarına səbəb ola bilər. Sənin mənə verəcəyin var, mənim bir başqasına... Bu, biznes mühitidir. Kimdənsə alacağın ola və o, bu borcu ləngidə bilər. Ancaq bunun iflas həddinə çatması qəbuledilməzdir. Təəssüf edirəm ki, bizim mətbuat da qeyri-sağlam təfəkkürün məhsulunun yayılması ilə məşğuldur və vaxtlarını boş yerə sərf edirlər".
İflas səbəbindən təyyarə, otel və yaxtaların satılmasına münasibət bildirən qurum rəsmisi həmin məlumatların məqsədli şəkildə yayıldığını bildirib: "Bunlar telefon, avtomobil deyil ki, saytda 5-10 minə satışa çıxarasan. Heç kim nə saytdan təyyarə alır, nə də satır. Onu kim, nə məqsədlə, niyə yazırsa və nə məqsəd güdürsə bu, başqa məsələdir. Sağlam düşüncəli adam elə şeylər yazmaz. Burada məqsəd şirkət haqda xoşagəlməyən məlumat yaymaqdır. Bunu Türkiyədə bir media orqanı yazıb, bəs bizim öz şüurumuza nə olub? Azərbaycanın media jurnalistləri, analitikləri var ki, hər şeyi analiz edib, baxırlar, əsasa söykənirlər. İndi orada kimsə ağlına gələni deyib, burada da onun yayımı ilə məşğul olurlar? Sadəcə, adama pis təsir edir".
T.Nadirov iflasa səbəb kimi göstərilən Mübariz Mənsimovla Rusiya prezidenti Vladimir Putinin münasibətlərinin pozulduğu iddiaları haqda isə bunları deyib: "Kim, harda və necə görüb ki, onların münasibətləri korlanıb? Belə məlumatlar yaymaqla məşğul olmasınlar. Gərək dəqiqləşdirsinlər, analiz etsinlər. Bu yaxınlarda biri Rusiyada ağzına gələni yazmışdı və bütün mətbuat onu yaymaqla məşğul oldu. Yenə deyirəm, belə yazılar qeyri-sağlam düşüncənin təfəkkürüdür".
Qeyd edək ki, Türkiyə mətbuatında azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali" şirkətlər qrupunun ifası ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, "Palmali Havacılık"a məxsus "Falcon 2000S" təyyarəsi 25 milyon dollara, "Falcon F7" isə 50 milyon dollara internet vasitəsilə satışa çıxarılıb. Bundan əlavə, M.Mənsimovun sahibi olduğu bəzi otel və limanların da artıq satışa çıxarıldığı vurğulanır.