Dünya Oyunlarında növbəti medal

19:12 6 Oktyabr 2015

Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan millisi aktivinə növbəti medalı yazdırıb. Sportarena.az xəbər verir ki, bu uğura cüdoçumuz Elmar Qasımov (100 kq) imza atıb.

 

Avropa Oyunlarında yığmamızın bayraqdarı olan idmançı yarışın bürünc medalına yiyələnib. Belə ki, 1/16 finalda uruqvaylı Rafael Salvonu ippona salan Qasımov ardınca rusiyalı Ramazan Malsuiqenov üzərində də təmiz qələbə qazanıb.

 

Lakin 1/4 finalda Ambaselmaa Bayarsayxanla görüş Elmar üçün çətin keçib və həmyerlimiz məğlubiyyətə üzülüb. Buna baxmayaraq, Monqolustan cüdoçusu finala yüksəldiyindən Qasımov təsəlliverici qarşılaşmalara qatılıb. Öncə Antoni Pena (Venesuela), sonra Yosef Terheçi (Fransa) ipponla mübarizədən kənarlaşdıran təmsilçimiz bürünc medal görüşündə Lusiano Ribero Korreadan (Braziliya) da güclü olub.

 

90 kq çəki dərəcəsində Tural Səfquliyev də fəxri kürsüyə yüksəlməyə yaxın olub. Lakin o, bürünc medal uğrunda qarşılaşmada Tsoqtqerel Xutaqa (Monqolustan) uduzub.

 

Beləliklə, yarışa 6 cüdoçu ilə qatılan yığmamızın qazancı 1 gümüş və 4 bürünc medal olub. Həmyerlilərimizdən Vüqar Şirinli (60 kq) ikinci olduğu halda, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq) üçüncü yeri tutublar. Cüdoçularımız digər “bürünc”ü isə kişilərin komanda yarışında qazanıblar.


Digər xəbərlər

Xəbər xətti