“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Sportarena.az xəbər verir ki, klubun U-15 komandası artıq start götürən çempionatda çıxışını davam etdiribsə, U-14, U-13 və U-17 ilk turun qarşılaşmalarında qüvvəsini sınayıb. Qəbələ təmsilçiləri keçirdiyi 5 matçda 4 qələbə qazanıb.
“Boulevard Hotel U-15 Liqası”nda mübarizə aparan “qırmızı-qaralar” son bir həftədə iki matça çıxıb. İlk iki turda böyükhesablı, “quru” qələbələri sıralayan komanda bu seriyasını davam etdirib. III turun səfər qarşılaşmasında “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Qəbələ” dünən baş tutan IV turun “Təhsil” TFK ilə görüşündə daha məhsuldar olub – 9:0. 4 turdan sonra 12 xal toplayan dörd komandadan biri olan Xaqani Məmmədovun yetirmələri daha yaxşı top fərqinə görə zirvədə qərarlaşıb. Çempionatın lideri qol buraxmadığı matçlarda 30 top vurub. Bombardirlər yarışında da komandanın iki üzvü – Məhəmməd Məhərrəmovla Xəlil Bəşirov 5 qolla hamını qabaqlayır. “Qəbələ” oktyabrın 13-də baş tutacaq növbəti turda “Neftçi” PFK-nın qonağı olacaq.
“Bakcell U-17 Liqası”nın ilk turu da komandamız üçün uğurlu alınıb. “Qırmızı-qaralar” “Neftçi” İK İB ilə səfər oyununda böyükhesablı qələbə qazanıb – 3:0. Emin İmaməliyevin yetirmələri növbəti turun oktyabrın 12-də keçiriləcək matçında AZAL-ı sınağa çəkəcək.
U-14 Liqasının paytaxt regionunda ilk tur arxada qalıb. “Qəbələ” “Neftçi” İK İB ilə görüşüb. Famil Xəlilovun yetirmələri 1:0 hesabı ilə qələbə qazanıb. “Qırmızı-qaralar” oktyabrın 10-11-də baş tutacaq II turda “Rəvan”la üz-üzə gələcək.
“Coca-Cola U-13 Liqası”nda da paytaxt regionunda çıxış edən “Qəbələ” “Neftçi” PFK ilə qarşılaşıb. Ülfət Mədətovun yetirmələri bu matçda 1 xal qazanıb – 1:1. Komandamızın növbəti rəqibi “Zirə” olacaq.