Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Sportarena.az saytına müsahibəsi
- Milli komandamız "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya seçməsi ilə qarşılaşacaq. Adlı-sanlı rəqiblə görüşdə millimizdən nə gözləmək olar?
- Yığmadan ancaq yaxşı oyun gözləyirəm. Xorvatiya və Malta ilə matçlarda sərgilənən oyunun davamı gəlməlidir. Səhvlər varsa, futbolçular üzərində işləməli, öz oyunlarını təkmilləşdirməlidirlər. Komanda uzun müddətdi bir yerdə oynayır. Taktiki cəhətdən səhvlər olmamalıdı. İtaliyaya fikir verək. Çox çətin qol vururlar. Qol vəziyyətləri olur, amma az istifadə edirlər. Bununla belə qələbə qazanmağı bacarırlar. İtaliya əvvəldən müdafiədə sanballı oyunu ilə seçilir. Ancaq hiss olunur ki, hazırda liderləri yox dərəcəsindədi. Komandada lider oyunçu qıtlığı var. Avropa çempionatı və dünya birinciliyində çıxış edən komandaların liderləri olmalıdır. Oyun onların üzərində qurulur.
- Siz İtaliya millisində lider olmadığını düşünürsüz?
- Yoxdu, 10 il öncə var idi. Hazırda əsas lider qapıçılarıdır. Buffon doğrudan da əla oyun sərgiləyir. Həm "Yuventus"da, həm də millidə özünü yaxşı tərəfdən göstərir. İtaliya Bakıda da öz oyununu oynayacaq. Əvvəllər də belə olub. 1980-ci ildə qrupdan çətinliklə çıxan İtaliya dünya çempionu oldu. Oyundan oyuna inkişaf edirlər. Onlara xas olan başlıca cəhət hər şeydən istifadə edə bilmələridi. Bu, ümumi komandanın potensialından xəbər verir. Hazərda İtaliya qrupda birinci yerdədi. Onlara da xal lazımdır, bizə də. Komandada özünəinamı artırmaq üçün yaxşı nəticə vacibdir. Qarşıda dünya çempionatının seçmə mərhələsi var. Deyərdim ki, oyun çox maraqlı olacaq. Azərbaycanı daha üstün görürəm. Ola bilər ki, hansısa komponentde rəqibə uduzaq, amma seçmə mərhələdə italyanlar çox ləng oynayırlar. Ən böyük üstünlükləri oyunu öz xeyirlərinə dəyişə bilmək bacarıqlarıdır. Millimizlə ev oyununda hesab 1-1 idi. Künc zrbəsindən qol vurdular. Müdafiəçiləri standart vəziyyətlər zamanı çox aqressiv oynaıyirlar. Hər şeydən istifadə edirlər. Bunu bizim məşqçi də, uşaqlar da bilirlər, dərk edirlər. Komanda oyuna hazırdı. Yaxşı nəticə götürmək olar. Sadəcə, məqsəd olmalıdır. Bunun üçün bütüm oyunlardan istifadə etməliyik.
- Millimiz İtaliya iləoyundan 3 gün sonra isə səfərdə Bolqarıstan seçməsinin qonağı olacaq...
- Bolqarların son oyunlarını görməmişəm. Amma onu deyim ki, əvvəlki ilə müqayisədə fərqlər var. Ayın 10-da onlar da oynayırlar, biz də oynayırıq. Hər iki komandanın bərpa olunması və hazırlaşması üçün 3 gün vaxtı olacaq. İtaliya ilə oyundan yaxşı nəticə ilə ayrılıb, bolqarlardan da xal ala bilərik. Deyərdim ki, bu seçmə mərhələ çox əla alındı. Düzdü, Maltanı uda biərdik, amma alınmadı. Bolqarlarla oyun göstərəcək ki, biz nəyə qadirik.
- Robert Prosineçkinin gəlişindən sonra komanda seçmə mərhələdə uduzmayıb. Sizcə, yığmamız gələcəyə ümid verir?
- Əlbəttə, ümid verir. Komandada cavanlar var. İstəklidirlər, yığmada oynamaq istəyirlər. Bizdə lider yoxdu, kollektiv oyun var. İstərdim xaricdə oynayan futbolçularımız çox olsun. Bu, böyük üstünlükdür. Orda istək, təzyiq var. Futbolçu ustalığını artırır. Komandada liderlər olsa, hər şey fərqli alınar. Millidə gənclər çoxdu. Bir ildən sonra xaricə gedə bilərlər. Hazırda klub və yığma sistemini birləşdirmək lazımdır. Biz həmişə baş məşqçi ilə söhbət edəndə, o da bunu dəstəkləyir. Biri var oyuna gedib, baxıb gəlirsən, biri də var baş məşqçis ilə söhbət edib, müzakirə aparırsan.
- Hər iki oyundan yaxşı nəticə gözlədiyinizi bildirdiz. Bəs uduzsaq, necə olacaq?
- Uduzsaq da, heç bir şey ola bilməz. Əsas oyundur. Birinci üslubun olmalıdır. Bu olsa, hər şey ola bilər. Məğlubiyyəti faciə saymaq lazım deyil. O demək deyil ki, İtaliya ilə oynayırıq, qorxmalıyıq. Xeyr. Uğur qazanmaq istəyiriksə, istənilən rəqibə qarşı mübarizə aparmalıyıq.
Elnur SALAHOV