Geridə qoyduğumuz həftə aşağı yaş liqaları tam sürət götürdü. Sportarena.az "Xəzər Lənkəran"ın rəsmi saytına istinadən xəbər verir ki, ötən həftələrdə yalnız U-15 liqasının matçları keçirilirdisə, bu həftə 19, 17 və 16 yaşlılar da mövsümə start verdilər.
Bazar ertəsi səfərdə “Vətən”lə qarşılaşan "Xəzər Lənkəran"ın U-17 komandası rəqibə məğlub olub. Rəqibin vurduğu qollara Kamal Dənziyev iki dəfə cavab versə də, son dəqiqələrdə təyin olunan penalti oyunun nəticəsini həll etdi – 2:3. Qeyd edək ki, Kamal Dənziyev bu mövsümdə artıq 6 dəfə fərqlənib - onun hesabında əvəzedicilər çempionatında vurduğu 4 qol da var.
Növbəti gün isə U-15 ev oyununa çıxdı. Bu turda Mircəlal Əliyevin yetirmələri “Kəpəz”lə üz-üzə gəldi. Favorit statusunu tam doğruldan 2001-ci il təvəllüdlü futbolçular 7:0 hesabı ilə qalib gəldilər. Qolları Əliağa Məmmədov (3), Tural Bayramov, Qədir Həsənov, İsmayıl Bəbirzadə və Aydın Ağazadə vurublar. Hazırda “Xəzər Lənkəran” U-15 Liqasında dörd oyundan maksimum nəticə qazanan dörd komandadan biridir.
Çərşənbə günü U-19 komandası mövsümdə ilk matçına çıxdı. UEFA Gənclər Liqasına vəsiqə qazanmış “Rəvan”ı qəbul edən Hafiz Əliyevin komandası böyükhesablı qələbə qazana bildi. 3:0 hesabı ilə qalib gələn komandamızın heyətində qolları Kənan Bağırzadə, Arzu İsmayılzadə və Fərid Ağazadə vurdular. “Xəzər Lənkəran” TV oyunun icmalını diqqətinizə çatdırır:
U-16 qrupu da ilk tur oyununa evdə çıxdı. “Qarabağ”la qarşılaşan komanda Asim Cəfərov və Nurlan Fərəclinin qolları ilə 2:1 hesabı ilə qalib gəldi. Bu matçın da icmalı gün ərzində “Xəzər Lənkəran” TV Youtube kanalında yerləşdiriləcək.
U-16 komandasının kapitanı Sübhan Məmmədli "Qarabağ"a qarşı oyunda