Oktyabrın 10-də Bakıda keçiriləcək Azərbaycan-İtaliya futbol matçı ilə əlaqədar sərnişin sıxlığı olacağı təqdirdə Bakı metrosu gec bağlanacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilib ki, oyunla əlaqədar ehtiyat qatarların xəttə buraxılması və sərnişin sıxlığı olacağı təqdirdə metronun gec bağlanması nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, Azərbaycan-İtaliya futbol matçı ərəfəsində azarkeşlərin rahat və maneəsiz şəkildə daşınması üçün xüsusi marşrut avtobusları ayrılıb. Azarkeşlər stadiondan da ekspress avtobuslarla rahat şəkildə qayıda biləcəklər. Şəhərətrafı marşrut xətləri üzrə 40, şəhərdaxili marşrut xətləri üzrə 120 avtobus ayrılıb. Ehtiyac yaranarsa, əlavə ehtiyat 20 avtobus sərnişinlərə xidmət göstərəcək.
"Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan-İtaliya futbol matçı bu gün saat 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək. (AZƏRTAC)