Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarının başlama vaxtı dəqiqləşib.
Sportarena.az xəbər verir ki, yeni mövsüm həyəcanı noyabrdan başlayacaq.
Belə ki, qadın voleybolçular arasında Super Liqaya noyabrın 6-da start veriləcək. Yarışda 4 – “Telekom”, “Azərreyl”, “Azəryol” və “Lokomotiv” komandalarının iştirakı dəqiqdi. Əgər klub sayında artım olmasa, çempionat yeni sistemlə təşkil olunacaq. Reqlamentə əsasən, komandalar 6 dövrədə 18 tur oynayacaqlar. Əvvəlki çempionatlar kimi “Dördlər finalı” nəzərdə tutulmayıb və dairəvi sistemlə təşkil olunacaq yarışda daha çox xal toplayan çempion tituluna yiyələnəcək. Super Liqanın başa çatma tarixi isə aprelin 20-ə təsadüf edəcək.
Lakin yarışa əlavə klubun qatılacağı da istisna edilmir. Çünki hazırda yeni – gənclərdən təşkil olunan “Qarabağ” komandası yaradılıb. Klub “Azəryol”un sabiq baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında hazırlıq keçir. Lakin hələlik sponsor məsələsi qaranlıq qalıb. Əgər bu çətinlik aradan qaldırılarsa, “Qarabağ” dərhal yarışa qatılacaq.
Bu halda isə reqlament yenə dəyişəcək və 5 komanda 5 dövrədə 20 tur oynayacaq. Ardınca ilk “dördlük” yarımfinala yüksələcək.
Bu isə o deməkdi ki, Bakı təmsilçiləri ölkə çempionatından öncə avrokuboklara başlayacaq. Çempionlar Liqasında çıxış edəcək komandalarımız ilk turu, CEV kubokundakı təmsilçimiz 1/16 finalda birinci oyununu başa vuracaq.
Super Liqada çıxış edəcək komandaların dubllarının da bu ildən əvəzedicilərin yarışında mübarizə aparması rəsmiləşib. Bu səbəbdən də birinciliyə qatılacaq klubların ikinci heyəti dublların çempionatına qatılacaq. Əlavə olaraq isə onlara “Nəqliyyatçı” da qoşulacaq. Bu birinciliyə noyabrın 15-də start veriləcək.
Kişi voleybolçular isə noyabrın 14-də qüvvələrini sınamağa başlayacaqlar. Burada da 4 – “Neftçi”, “Ali Hərbi Məktəb”, “Nəqliyyatçı” və “Sumqayıt” klublarının iştirakı dəqiqdi. Lakin yeniyetmələrdən ibarət komandanın və Naxçıvan təmsilçisinin də çempionata qatılması istisna edilmir.
Yarış 3 turdan ibarət olacaq. Klublar noyabr, fevral və apreldə olacaq oyunlarda 3 gün ardıcıl bir-birini sınağa çəkəcək.
Qeyd edək ki, çempionatların startından öncə həmişəki kimi hakimlər arasında seminar da olacaq. Oktyabrın 16-17-nə təsadüf edəcək dərslərdə ədalət təmsilçilərinə yeni qaydalar bir daha məlumat veriləcək.