"Azərbaycanla oyunun heç bir əhəmiyyəti yoxdur" - İvaylo Petev

21:50 12 Oktyabr 2015

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Bolqarıstan - Azərbaycan oyunuöncəsi mətbuat konfransı keçirilir. Sportarena.az-ın Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, öncə meydan sahibi komandanın baş məşqçisi İvaylo Petev fikirlərini açıqlayıb:

 

- Bolqarıstan milllisi yaxşı oynamır. Heyət çox zəifdi. Məşqçiyə nə qədər vaxt lazımdı ki, gənclərə şans verib, yeni komanda qursun?

- Bunu etmək biraz çətin olacaq, qısa zamanda həyata keçirməyə çalışacağıq. Gənclərə oynamaq imkanı vermək istəyirik. Ancaq əsas problem odu ki, nəinki təcrübəlilər, gənclər də öz komandalarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Bu, bizə mane olur.

 

- Baş məşqçi qrupda 4-cü yeri tutmağı nə dərəcədə əhəmiyyətli sayır?

- Bizim üçün Azərbaycanla oyunun heç bir əhəmiyyəti yoxdu. Əsas yaxşı oynamaq, ən yüksək səviyyədə mübarizə aparmaq, nüfuzumuzu qorumaqdı. Bu, matç bir imic məsələsidi.

 

- Hələ seçmə mərhələnin startında hədəfin pley-offa çıxmaq olduğunu demişdiz. Artıq bu hədəfdən 10 xal geridəsiz. İndi nə düşünürsüz?

- Bəli, hədəf bu idi. Ancaq hər şey istədiyimiz kimi olmadı. Futbolçular öz komandaların əsas heyətə düşməkdə çətinlik çəkirlər. Həm də bolqar futbolu hazırda çox zəifdi. Bu da öz mənfi təsirini göstərir. Norveçlə oyunumuz çox böyük əhəmiyyət daşıyırdı. Biz layiqli oyun nümayiş etdirə bilmədik və ondan sonra hələ də özümüzə gələ bilmirik.

 

- Xorvatiya ilə matçda səhv edən oyunçu – Georgi Terziyev sabah da meydana çıxacaqmı?

- Səhvlə bağlı sualı ona ünvanlanasaz, yaxşıdı. Onsuz da o zədəlidi. Futbolçu milliyə düşmək üçün məşqçinin dediklərini etməyə hazır olmalıdı.

 

- Azərbaycanla matçda eksperimental heyəti meydana çıxaracağınızı demişdiz...

- Bəli, Zaqrebdə bunu etmişəm, sabah da edəcəm.

 

- Rəqib haqda nə düşünürsüz?

- Azərbaycan futbolu yüksəlişdədi. Yaxşı milliləri var. Sabah yaxşı oyun olacağına ümid edirəm.

 

- Azərbaycan yığması artıq Xorvatiyanın baş məşqçisini istefaya göndərmək imkanı tapıb. Sabah eyni aqibəti yaşamaqdan qorxmursuz ki?

- Mən bu oyundan sonrakı gələcəyim yox, məhz matçı düşünürəm. Sonrası Allahın işidi.

 

- Azərbaycan futbolu yüksəlişdədi, dediz. Bu amilin rəqibə sabah sürpriz etməkdə rolu olacaqmı?

- Sabah matça tam köklənmə olmalıdı. Yaxşı oynamaq, mübarizə aparmaq lazımdı. Rəqibin də güclü tərəfləri var. Sürpriz də ola bilər, ancaq biz buna imkan verməməliyik.

 

- Burdakı işinizə başlayanda “Qəbələ”dən təklif almışdız. Niyə qəbul etmədiz?

- Yeri gəlmişkən, komandanızı Avropa Liqasının qrupuna vəsiqə qazanması münasibətilə təbrik edir, uğurlar diləyirəm. Öz məsələmin isə təfərrüatına varmaq istəmirəm.

 

- Əvvəlki matçlarda uğursuzluğu öz üzərinizə götürmüşdüz...

- Bəli, mən məşqçi olaraq bunu edirəm, etməliyəm də. Bu, normaldı. Əsas olan səhvləri görmək, onların lazımi analizini etməkdi. Mən işimə başlayanda da komanda 1-ci yerdə deyildi, indi də elədi. Futbolçulardan da soruşmaq lazımdı ki, onların səhvləri nədi. Gərək matçları yaxşı analiz edib, səhvlərdən nəticə çıxaraq. 10 ildi heç bir böyük turnirin final mərhələsinə çıxa bilmirik. Ciddi araşdırmalar etmək lazımdı.

 

- Federasiya rəhbərliyi işinizdə dəstək olurmu?

- Bəli. Biz yeni yola düzəlmişik, başqa cür işləməyə başlayırıq. Hədəfimiz fərqlidi. Ona görə də dəstək mütləqdi.

 

Rüfət Nadirli, Bolqarıstan


Digər xəbərlər

Xəbər xətti