Latviyanın paytaxtı Riqada sambo üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi keçirilib. Sportarena.az xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandası yarışın 2 qızıl, 2 gümüş və 2 bürünc medalını qazanıblar.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, əldə olunan medallardan 3-ü "Neftçi İdman Klubu”nun samboçularına məxsusdur. Yeniyetmələrin yarışında idmançılarımızdan Rəşad Dünyamalıyev (52 kq) yalnız finalda məğlub olub və gümüş medala layiq görülüb. Aslan Mirzəyev (87 kq) isə birinciliyin bürünc medalına sahib çıxıb. Gənclər arasında təşkil olunan yarışlarda isə klubun yetirməsi İlkin Babazadə (60 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq dünya çempionu adını qazanıb.