"Bu oyundan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Amma arzumuz həyata keçmədi".
Bu sözləri Sportarena.az-a açıqlamasında millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib. O, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində dünən Bolqarıstanla baş tutan və komandamızın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnən oyun barədə fikirlərini açıqlayıb:
"Özümüzə bənzəmədik. Nə qədər çalışsaq da, matçın axarını dəyişmək mümkün olmadı. Məğlubiyyəti bolqarların bizdən üstün oynaması ilə əlaqələndirməzdim. Bolqarıstan yığması yaxşı oynamadı, biz pis oynadıq. Buna görə də, meydandan məğlubiyyətlə ayrıldıq. Halbuki Sofiyaya yaxşı nəticə dalınca getmişdik".
"Xəzər Lənkəran" haqda da fikirlərini bölüşən Əmirquliyev bundan sonra diqqətini "ağ-yaşıllar"ın oyunlarına yönəldəcəyini bildirib: "Bolqarıstana məğlubiyyəti unudub, klubumun oyunlarına köklənməliyəm. Qarşıda bizi vacib görüşlər gözləyir. Bu tur AZAL ilə qarşılaşacağıq. Bu matçdan qələbə ilə ayrılmaq lazımdı. Daha sonra isə "Kəpəz" və "Sumqayıt"la üz-üzə gələcəyik. Hər 3 qarşılaşma xallarımızın sayını artırmaq mənasında bizim üçün böyük önəm kəsb edir. "Kəpəz"lə oyun daha çətin keçəcək. Çünki onlar hazırda yaxşı forma yığıblar, üstəlik, bu matç Gəncədə keçiriləcək. İstənilən halda əlimizdən gələni edəcəyik ki, hər 3 görüşdən maksimum xalla ayrılaq. Bunu bacarsaq, turnir cədvəlində irəliləmək imkanı qazanacağıq".