Hazırda "Qəbələ" futbol komandasına rəhbərlik edən Roman Qriqorçuk Ukrayna milli komandasının baş məşqçi postuna əsas namizəddir. Sportarena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yeni vəzifədə 2016-cı ilin avqustunda yoldaşlıq görüşündə debüt edə bilər.
Ukrayna millisinin hazırkı baş məşqçisi Mixail Fomenko hətta AVRO-2016-nın final mərhələsinə yüksələcəkləri təqdirdə belə komandanı tərk edəcək. "Mavi-sarılar" tarixində ilk dəfə "pley-off" mərhələsini keçə bilsələr, M.Fomenko komandanı Avropa çempionatına aparacaq, əks halda, məşqçilər heyəti dərhal istefaya göndəriləcək.
Ukrayna Futbol Federasiyası R.Qriqorçukla razılığa gələ bilməsə, alternativ variant kimi ölkə yığması tarixində ən yaxşı bombardir sayılan Andrey Şevçenkonun adı çəkilir. A.Şevçenko ilk dəfə hələ 3 il öncə komandanın baş məşqçi postuna dəvət alıb.
Qeyd edək ki, Roman Qriqorçuk Ukraynada "Çernomorets"dəki uğurlu fəaliyyəti ilə tanınır. O, Avropa Liqasının 1/16 finalınadək yüksəltdiyi Odessa komandasını ölkə futbolundakı böhran səbəbindən tərk edib. 2014-cü il dekabrın 18-də "Qəbələ"yə baş məşqçi təyin olunub. Təcrübəli mütəxəssis bu mövsüm "qırmızı-qaralar"ı Avropa Liqasının qrup mərhələsinə yüksəldib. Azərbaycan Premyer Liqasında isə bu komanda hazırda lider "Qarabağ"dan 1 xal geridə qalaraq, 2-ci pillədə qərarlaşıb. (Report)