"Reynaldonun yoxluğu bizim hədəflərimizə təsir göstərməyəcək" - Qurban Qurbanov

14:34 16 Oktyabr 2015

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə"yə qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Reynaldonun durumu nə yerdədir?

- Onun dizində ağrılar var. Bu üzdən hələ ki, məşqlərə qatıla bilmir. İkinci gün tibbi müayinədən keçmək üçün Almaniyaya yollanacaq.

 

- Zədəsi nə qədər ciddidir?

- Zədə ciddidir. Amma vəziyyət yaxşıya doğru dəyişir. Hələ onun nə qədər oynamayacağını demək çətindir. Fransa "Monako"suna qarşı keçirəcəyimiz Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki oyunda meydana çıxmayacağı dəqiqdir. Ciddi problem aşkarlanmasa da, yenə oyuna hazır olmayacaq. Çünki artıq 10 gündür məşq etmir.

 

- Reynaldo "Qarabağ"ın lideri hesab olunur. Onun ciddi zədələnməsi sizin hədəflərinizə təsir göstərməyəcək?

- Biz elə düşünmürük. Ümid edirik ki, zədə çox ciddi olmayacaq. Biz əvvəllər də Reynaldosuz oynamışıq. Amma istənilən halda hansısa futbolçunun zədələnməsi təəəssüf doğurur. Reynaldo son dövrlər yaxşı formada idi. Amma onun itkisinin bizim hədəflərimizə təsir göstərəcəyini düşünmürəm. Mən xidmətimdə olan futbolçulara güvənirəm.

 

- Bəs Maksim Medvedevlə Dani Kintananın durumu nə yerdədir?

- Maksimlə Dani "Zirə" ilə görüşü buraxacaq. Amma hər ikisinin Avroliqa matçına qədər sıraya dönmək şansı var.

 

- Bütün bunları nəzərə alsaq, komandada ab-hava necədir?

- Zədə ilə bağlı heç nə edə bilmərik. Bununla istənilən futbolçu üzləşə bilər. Ciddi hazırlaşırıq. Öz futbolumuzu sərgiləməyə çalışacağıq.

 

- Geridə qalan 7 turda yeni mövsümün tapıntısı hesab olunan "Zirə"nin çıxışı barədə nə deyə bilərsiniz?

- Mövsümün əvvəlində onlardan belə çıxışı heç kim gözləmirdi. Amma "Zirə" indi inkişafdadır. Yaxşı transferlər ediblər. Mümkündür ki, bizi ən çətin oyunlarımızdan biri gözləyir. Bunu başa düşürük və ciddi hazırlaşırıq.

 

- "Qarabağ" yeni stadionunda ikinci oyununu keçirəcək. Yəqin ki, bu arenada ilk qələbənizi qazanmağa çalışacaqsınız...

- Qələbə qazanmaq ilk növbədə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq üçün lazımdır. Yeni stadionumuzda qələbə qazanmaq kimi fikrimiz yoxdur.

 

- Premyer Liqada yaranmış fasilədə "Monako" barədə də məlumat toplaya bildiniz?

- Həm "Zirə", həm də "Monako" barədə məlumat toplamışam. Bizim bu işlə məşğul olan məşqçilərimiz var. Öz növbəmdə mən də bu işə vaxt ayırmışam. "Monako" haqda məlumat toplamaq elə də çətin deyil.

 

- Razısınız ki, bu klub əvvəlki qədər güclü deyil?

- Belə fikirləşmək düzgün olmaz. "Monako", "Anderlext" kimi klublar perspektivli futbolçuları öz sıralarına cəlb edib, sonradan onları baha qiymətə daha güclü komandalara satmağa üstünlük verirlər. "Monako"nun indi zəiflədiyini düşünmürəm. Böyük klubdur. Avropa Liqasında, Çempionlar Liqasında böyük təcrübələri var.


Digər xəbərlər

Xəbər xətti