“Əsgər Abdullayev bizim çox tanınmış futbolçumuz olub, “Neftçi”də çıxış edib, millinin də məşqçisi olub. Bəlkə də düşünərsiniz ki, o mənim qohumumdu, xeyr, soyadımız Abdullayev olsa da, bizim heç bir qohumluğumuz yoxdu”.
Bu sözləri “Neftçi”nin müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
O, Əsgər Abdullayevin kluba baş məşqçi, yoxsa Şura üzvü kimi daha çox xeyir verə biləcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “Hələlik Əsgər müəllim Müşahidə Şurasının üzvü kimi qəbul olunub. Bizim baş məşqçimiz var və hələ ki onu dəyişmək haqqında düşünmürük. Hesab edirik ki, o, yaxşı işləyir”.
“ASAN Xidmət”lə bağlanmış müqavilənin detalları haqqında da danışan Abdullayev uzunmüddətli əməkdaşlığın tərəfdarı oduqlarını qeyd edib: “İstəyirik ki, aramızdakı anlaşma 3 il, 5 il və daha uzun müddət davam etsin. Hələlik 3 illik müqavilə imzaladıq. Düşünürük ki, bu anlaşma hər iki tərəf üçün də xeyirli olacaq. “ASAN”ın adı bizim nüfuzumuzun qalxmasına kömək edəcək. Düzdü, bunun üçün əsas qələbələr lazımdı. Özünüz də müşahidə elədiniz, təntənəli mərasim oldu, müqavilə imzalandı, yüksək səviyyədə tədbir təşkil elədik, ancaq hər şey bir tərəfə, əsas məsələ “Neftçi” qələbələr qazanmalıdı. Baxmayaraq ki, əsas məqsədimiz 3-5 ilə yaxşı komanda formalaşdırmaqdı, ancaq “Neftçi” 5-6-cı yerlərdə getməməlidi. Bu, mənim şəxsi fikrimdi. Hesab edirəm ki, biz hər oyunda qalib gəlməliyik”.
“Nefçi”nin rəhbəri hakimlik haqqında da fikir bildirib: “Biz bütün hakimlərmizə hörmət edirik. Yadınıza gəlirsə, “Qarabağ”la oyunda mən demişdim ki, hesab edirəm penalti olmayıb. Ancaq biz hakimlər haqqında heç vaxt nəsə deməmişik. Heç vaxt da deməyəcəyik. Mən həm də hüquqşünasam və onları bəzən çox yaxşı anlayıram”.
“Zirə” ilə oyunda iştirak etməməsi haqqında suala da cavab verən Abdullayev dostunun yubileyində tamada olduğu üçün iştirak etmədiyini deyib: “Çox yaxın dostumun yubileyi idi və mən orda tamada idim. Ona görə də oyunda iştirak edə bilmədim. Bəzən jurnalistlər yazırlar ki, guya ki mən komandadan küsmüşəm. Mən bu klubun sədriyəm, kimdən küsə bilərəm ki? Sizin redaktorunuz sizdən küsə bilər? Adam öz komandasından niyə küssün axı? Gəlməmişəmsə, deməli nəsə vacib səbəb var. İşim o qədər çoxdu ki, çatdırmaq olmur. Ancaq çalışacam ki, heç bir oyunu buraxmayım. Sabah da gedəcəm”. (apasport.az)