Dünən keçirilən “Rəvan” – “Kəpəz” matçından sonra “Kəpəz”in kapitanı Tural Axundovun Sportarena.az saytına müsahibəsi.
- Rəvana 0:2 hesabı ilə qalib gəldiniz. Matç haqqında fikirləriniz?
- İlk hissədə qol epizodlarımız çox oldu. Amma bu şanslardan layiqincə yararlana bilmədik. İkinci hissədə isə toparlandıq və əlimizə düşən fürsətlərdən maksimum yararlanıb qələbə qazandıq.
- “Kəpəz” artıq qələbələr qazanmağa başlayıb. Bu uğurlu seriyanı davam etdirə biləcəksinizmi?
- Gələn oyun “Xəzər Lənkəran” ilə qarşılaşacağıq. Bu oyunda da qalib gəlib, layiqli yerimizə qalxacağıq.
- İddiasını itirmiş “Xəzər Lənkəran”a qalib gələ biləcəksinizmi?
- Düşünmürəm ki, “Xəzər Lənkəran” zəif rəqibdir. Əsas heyətdən bir neçə futbolçumuz bu matçda çıxış edə bilməyəcək. Ona görə, bizim üçün çətin olacaq.
- Oyunda daha çox aqressivliyinlə diqqət çəkirdin. Bütün epizodlarda oyunçulara və hakimlərə iradını bildirirdin.
- Biz boş yerə sarı vərəqələr alırdıq. Ona görə hirslənmişdim ki, ehtiyac yoxdur bunlara.
- Yeni transferiniz Ebah hücumda yaranan boşluğunuzu doldura biləcəkmi?
- Ebah oyuna yaxşı başladı. Oyuna daxil olub qolunu da vurdu. Məşqlərdə də fəaldır, düşünürəm ki, komandaya tezliklə uyğunlaşacaq.
- Bir epizodda rəqib qapıçı ilə aranda gərginlik yaşandı. Orada nə baş vermişdi?
- Mən hakimin üzərinə gedirdim, rəqib qapıçı əlini qaldırdı, məndə əlimi qaldırdım. Amma ona heç bir zərbə endirmədim.
- Narahat deyilsən ki, AFFA-nın İntizam Komitəsi bu epizodu zərbə kimi qələmə verər və səni cəzalandırar?
- Xeyir. Çünki mən ona zərbə endirməmişəm. Ona görə də narahat deyiləm
Vüsal MİRZƏYEV