"Qara bazar"a növbəti zərbə

15:28 17 Oktyabr 2015

Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilir.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişik olunacaq.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan layihəyə əsasən, qaydaları pozan hüquqi şəxslərdən tutulan cərimənin miqdarı 5 000 manatdan 6 000 manatadək artırılır. Vəzifəli şəxslərin cəriməsi isə azaldılır, onların cəriməsi 2 000 deyil, 1 500 manat olacaq. Dəyişiklik layihəsinə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə fiziki şəxslər də cərimə olunacaqlar. İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliyə əsasən, fiziki şəxslər 700 manat cərimə ediləcəklər.

 

Fiziki şəxslərin cəriməyə cəlb olunması ilk dəfədir tətbiq edilir. Hazırda qüvvədə olan maddə bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslərin cərimələnməsini nəzərdə tutmur.

 

Qeyd edək ki, mövcud dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq. İdman yarışlarında biletlərin öz qiymətindən yüksək məbləğə satılma hallarına son zamanlar "Qarabağ"ın Avropa kuboklarındakı oyunları zamanı daha çox rast gəlinir.


Digər xəbərlər

Xəbər xətti