Azərbycan Premyer Liqasının VII turunda keçirilən “Qəbələ” – “Xəzər Lənkəran” matçını belə xarakterizə etmək olar. Nəticəsi uzun müddət unudulmayacaq matçla baglı maraqlı məqamlar da çoxdur.
Sportarena.az xəbər verir ki, bu, ilk növbədə, erkən qolla bağlıdır. Artıq 8-ci saniyədə “Xəzər Lənkəran”ın qapısına yol tapan Luis Hilario Dodo nəinki cari mövsümün, bütün milli çempionatlarımızın tarixində ən erkən qolun müəllifi oldu. Bu, braziliyalı kapitanımızın “Qəbələ”nin heyətində 27-ci, çempionatda isə 23-cü qoludur. O, qalan 4 qolu ölkə kuboku və Avropa Liqasında vurub. Bundan öncəki turda “Rəvan”ın, Avropa Liqasında “Krasnodar”ın qapısına yol tapan Dodo artıq 3-cü matçdır meydanı qolsuz tərk etmir. İndi o da əsas kapitanımız Cavid Hüseynov kimi 3 qolla avroliqada ən çox qol vuran futbolçudur.
Cari mövsümdə Topaz Premyer Liqası oyunlarında 4 qol vuran Aleksey Qay isə nəinki “Qəbələ”nin, ümumiyyətlə, çempionatın ən sərrast oyunçusudur. Onun ən yaxın izləyiciləri arasında komanda yoldaşı, hesabında 3 qol olan Aleksey Antonov da var. “Qəbələ” – “Xəzər Lənkəran” matçı Fakundo Pereyra üçün də yaddaqalan olub. Belə ki, bir ay öncə Yunanıstanın PAOK klubundan icarəyə götürülən argentinalı hücumçu “Qəbələ”də qol hesabını açıb, özü də dublla. Yeri gəlmişkən, Pereyra “Qəbələ”nin cari çempionatda ilk dubl müəllifi olub. Cari mövsümdə isə, o, bir oyunda 2 qol vuran 3-cü futbolçudur. Belə ki, Zenyovla Dodo Avropa Liqasında müvafi q olaraq “Çukariçki”ylə ev və “Panatinaikos”la səfər matçında 2 qol vurub.
“Qəbələ” “Xəzər Lənkəran”la matçda təkcə fərdi göstəricilər deyil, komanda baxımından da öz sözünü deyib. Əvvəla, bu, cari çempionatın həm ən böyükhesablı qələbəsi, həm də ən məhsuldar oyunu olub. “Qəbələ” 10 illik tarixində ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Bu hesabla başa çatan ilk qələbəmizi də, çempionatda – 2007/08 mövsümündə qazanmışıq. “Qəbələ” 2007-ci il noyabrın 11-də Sumqayıtda “Gənclərbirliyi”in qapısına 6 cavabsız qol vurmuşdu. Ancaq daha öncə Qəbələdə də 6:0 hesablı qələbəmiz qeydə alınıb. Bu, 2006/07 mövsümündə ölkə kuboku çərçivəsində 2006-cı il oktyabrın 16-da keçirilən “Qəbələ” – “Şahdağ” (Quba) matçında olub. ("Qəbələ İK")