"Qarabağ"ın gənc yarımmüdafiəçisi Coşqun Diniyev "Zirə" ilə oyundan (4:1) sonra Sportarena.az-ın suallarını cavablandırıb:
- Öncə oyun haqda fikirlərini bilmək istərdik...
- Oyunun ağır keçəcəyini başa düşürdük. Matçdan öncə bilirdik ki, "Zirə" də bizim kimi məğlub olmayıb. Oyuna ciddi hazırlaşmışdıq. İstəyirdik ki, doğma meydanımızda ilk qələbəmizi qazanaq. Şükürlər olsun ki, 3 xal qazana bildik.
- Demək olarmı ki, ilk hissədə vurulan 3 qol artıq matçın taleyini həll etmişdi?
- Yox. Düzdür, ilk yarıda 3:1 hesabı ilə öndəydik. Amma "Zirə" elə bir komandadır ki, ikinci hissədə bir qədər "boşalsaydıq", "Zirə" bizi cəzalandıra bilərdi. Sadəcə, birinci hissədə ələ düşən imkanlardan maksimum istifadə eləməyi bacardıq.
- İkinci hissədə komandanız hücumda elə də aktiv deyildi. Daha çox topu arxa xətdə özünüzdə saxlamağa çalışrdız. Bu nə ilə bağlı idi?
- "Qarabağ"ın əsas oyun üslubu topu arxa xəttdə özündə çox saxlamaqdan ibarətdir. Digər tərəfdən, futbolçular yorulmuşdular. Bəlkə də buna görə topu özümüzdə saxlamağa çalışırdıq. Hesab da xeyirimizə idi. İmkan daxilində irəli çıxmağa da çalışırdıq.
- Çempionluq yolundakı əsas rəqibiniz "Qəbələ" də bu gün qələbə qazandı...
- Çempionluq barədə indidən danışmaq çox tezdir. Hələ 8 tur oynamışıq. Sadəcə, çempionluq yarışı uğrunda "Qəbələ" və "Qarabağ" arasında gərgin mübarizə gedəcəyi indidən görünür.Çalışacağıq ki, bu mübarizədən qalib ayrılaq.
- Bu gün çempionluğa iddialılardan birini sıradan çıxardız...
- Bu, bizim işimizdir. Biz, rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq.
- Yəqin ki, bu qələbə "Monako" ilə oyunöncəsi komandada əhval-ruhiyyəni yüksəldəcək...
- Əlbəttə. Oyundan əvvəl də qələbə qazanmağın vacibliyini anlayırdıq. Nəticədə 3 xal qazandıq. Bundan sonra "Monako" ilə oyuna hazırlaşacağıq.
- "Monako" Fransa çempionatında uğurlu çıxış etmir. Bunu "Qarabağ" üçün üstünlük hesab etmək olarmı?
- "Monako" çempionatda inamla irəliləməsə də, onun adı və böyük tarixi var. Həqiqətən çox çətin oyun olacaq. Özü də ki, səfərdə oynayacağıq. Sabahdan "Monako"nu təhlil etməyə başlayacağıq. Zəif və güclü tərəflərini analiz edib, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.
- "Monako"nun adı sizi qorxutmur?
- Bu dəqiqə futbolda elə dövrdü ki, ad elə də önəm daşımır. Hər bir komanda digərinə qalib gələ bilər. Ada aldanmamaq lazımdır. 90 dəqiqə ərzində hansı komanda mübariz təsir bağışlasa, o da qələbə qazanmaq iqtidarındadır.
- Millimizlə oyunda İtaliya yığmasının üzvü Stefan Əl-Şaaravi matçın taleyini həll elədi. Qarşılaşmadan sonra komanda yoldaşın Maksim Medvedev də etiraf elədi ki, onu dayandırmaq çox çətindi. Əl-Şaaravinin qarşısını necə almaq olar?
- Dünya ulduzlarının göstərdiyi oyun göz qabağındadır. Amma onlar qarşısıalınmaz futbolçular deyillər. Əl-Şaaravini bizim üçün qorxulu saymıram. Çox güclü futbolçudur. Amma biz komanda şəklində oynasaq, həmin meydandan yaxşı nəticə ilə qayıda bilərik.
- Reynaldonun yoxluğu necə, motivasiyanıza mənfi təsir etmir ki?
- Əlbəttə, Reynaldonun yoxluğu pisdir. Amma motivasiyamıza heçbir təsir etmir. Çünki komandada Reynaldonu əvəz edə biləcək futbolçular var. Bunu baş məşqçi də bildirib. Reynaldolu və ya Reynaldosuz,biz bu oyuna çıxmalı, xal və ya xallarla qayıtmalıyıq.
Vüsal MİRZƏYEV