Santos: "Qrup mərhələsini də keçib, 1/16 finala çıxa biləcəyik”

12:23 18 Oktyabr 2015

"Çernomorets"lə Odessadakı yoxlama görüsündə diz nahiyyəmdən zədələndim. Bundan sonra bərpa olunaraq, bərpa prosesi keçirəm. Artıq fərdi məşqlərə başlamışam. Ayağımda, az da olsa, ağrılar hiss edirəm. Ancaq düşünürəm ki, yaxın vaxtda hazır ola biləcəyəm".
 
Sportarena.az xəbər verir ki, bu fikirləri “Qəbələ” nin braziliyalı müdafiəçisi Rafael Santos klubun rəsmi qəzetinə müsahibəsində deyib.
 
Millinin oyunları ilə əlaqədar hələ sentyabrda yaranan fasilə zamanı zədələnən 31 yaşlı legioner 1 aydan artıqdır oynamır. Bu üzdən futbolçu qrup mərhələsində meydana çıxa bilmir. Son rəsmi matçını Avropa Liqasının pley-off mərhələsində, avqustun 20-də “Panatinaikos”la Bakıdakı oyunda keçirən Rafael elə həmin matçda aldığı sarı vərəqəyə görə Afinadakı cavab matçını buraxmalı olmuşdu.
 
Santosun fikrincə, bu ayın sonunda komandayla birgə məşq edə biləcək: “Mənə qalsa, indi də meydana çıxmağı düşünürəm. Şəxsən özüm “Borussiya”yla Bakıdakı matçda oynamaq istərdim. Ancaq tək mənim istəyimlə iş bitmir. Həkimlərin də məsləhətinə qulaq asmaq lazımdır. Əlbəttə, “Borussiya” kimi güclü rəqiblə oyunlarda iştirak etməyi çox istəyirəm. Ümumiyyətlə, qrup oyunlarında debütümü səbirsizliklə gözləyirəm”.
 
Təcrübəli futbolçu “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışıyla bağlı bunları dedi: “Oynamadığım matçları televiziyadan izləmişəm. Deyə bilərəm ki, “Qəbələ” qrupda da yaxşı təsir bağışlayır. Bu da komandamızın heyətində səviyyəli futbolçuların olmasıyla bağlıdır. İnanıram ki, qrup mərhələsini də keçib, 1/16 finala çıxa biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti