Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib. Sportarena.az xəbər verir ki, 50 komandanın iştirak etdiyi Avropa Kuboku uğrunda mübarizədə Azərbaycan iki klubla təmsil olunur.
Bunlar Avropa Kubokunun son qalibi "SOCAR-Azerbaijan" və "Odlar Yurdu" klublarıdır. İlk turda yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan" Finlandiyanın "Tammer-Şakki" kollektivini üstələyib 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb.
Digər klubumuz "Odlar Yurdu" İngiltərənin "Uayt Roz" komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbəylə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov məğlubiyyət acısı yaşayıb.