Ötən mövsüm Türkiyənin “Elazığspor” klubunda icarə əsasında çıxış etmiş Cavid İmamverdiyev “Neftçi”nin formasında meydana çıxa biləcək.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin AFFA vasitəsilə FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”na ünvanladığı rəsmi müraciətə müsbət cavab verilib.
FİFA futbolçunun “Neftçi”də çıxış edə bilməsi üçün AFFA-ya müvəqqəti qeydiyyat səlahiyyətini verib. Bunun əsasında Cavid İmamverdiyev növbəti oyunlarda meydana çıxa biləcək. Müvəqqəti qeydiyyat icazəsi “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxaracağı yekun qərara qədər qüvvədə olacaq.
Xatırladaq ki, Cavid İmamverdiyev ötən mövsüm icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış edib. Türkiyə təmsilçisi futbolçu ilə müqaviləyə erkən xitam haqda FİFA-ya şikayət etdiyindən Cavid İmamverdiyevin “Neftçi”də oynamasına maneə yaranmışdı.